Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

298 il əvvəl...

12 iyul 1724-cü ildə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü ilin 12 sentyabrında bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı dövləti də bu bölgünü qəbul edib. Eyni zamanda müqaviləyə görə, Rusiya Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın qalan hissəsini Osmanlının nəzarətinə keçməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında xanlıq statusu alıb.

 

233 il əvvəl...

14 iyul 1789-cu ildə Fransada inqilab baş verib. Üsyançı kütlələr Parisdəki Bastiliya qalasını ələ keçirib. XIV əsrdə inşa edilən Bastiliya Fransada mütləqiyyətin simvolu sayılırdı. Bir il sonra qala uçuruldu. Bastiliyanın alınması ilə başlanan inqilabi sarsıntılar bütün Avropada rezonans doğurdu. İnqilabdan sonra qəbul edilən “İnsan hüquq və azadlıqları bəyannaməsi” Qərbdə liberal dəyərlərin və kapitalizmin inkişafına təkan verdi. 1880-ci ildən 14 iyul Fransanın milli bayramı kimi qeyd olunur.

 

218 il əvvəl...

16 iyul 1804-cü ildə Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqaviləsinə (1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.

 

181 il əvvəl...

15 iyul 1841-ci ildə Londonda İstanbul boğazları (Aralıq və Qara dənizləri birləşdirən Bosfor və Çanaqqala (Dardanel) boğazları) haqqında konvensiya imzalanıb. Osmanlı imperiyası, Britaniya, Fransa, Rusiya, Prussiya və Avstriya arasında imzalanan sənədə əsasən, boğazlardan xarici gəmilərin keçməsinə icazəni ancaq Osmanlı dövləti verə bilərdi.

 

104 il əvvəl...

15 iyul 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb.

 

16 iyul 1918-ci ildə Rusiyanın Yekaterinburq şəhərindəki “İpatyev evi”ndə Rusiya imperiyasının sonuncu çarı II Nikolay ailəsi (xanımı Aleksandra, dörd qızı, oğlu Aleksey) və yaxınları ilə birlikdə güllələnib. Çar ailəsinin güllələnməsi barədə əmri Lenin vermişdi. Vladimir İliç 1887-ci ildə III Aleksandrın (II Nikolayın böyük qardaşı) əmri ilə edam olunmuş qardaşı Aleksandrın qisasını belə aldı.

 

69 il əvvəl...

12 iyul 1953-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı Şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırov Azərbaycan KP MK-nın I katibi vəzifəsindən azad edilib. Mircəfər Bağırov 1933-cü ildən Azərbaycana rəhbərlik etmişdi. 1956-cı ilin aprelində Bağırov hakimiyyətdəki yaxın ətrafı ilə birlikdə mühakimə olundu, həmin ilin mayında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə güllələndi.

 

53 il əvvəl...

14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın I katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevi Azərbaycan KP MK-nın I katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider kimi müstəsna yer tutacaq şəxsiyyətin böyük siyasətə və hakimiyyətə gəlişi idi.

 

27 il əvvəl...

12 iyul 1995-ci ildə keçmiş Yuqoslaviyanın süqutu nəticəsində meydana gələn müharibə gedişində Bosniyanın Srebrenitsa şəhərində müsəlman əhaliyə qarşı soyqırımı başlanıb. General Ratko Mladiçin başçılıq etdiyi serb qoşunları bir həftə ərzində Srebrenitsa şəhərində 16 yaşdan yuxarı kişi əhalini – 8 mindən çox insanı qətlə yetirib. Qırğın bölgədəki BMT “sülhməramlı” kontingentinin gözü qarşısında baş verib.

 

16 il əvvəl...

13 iyul 2006-cı ildə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri başda olmaqla 30-dək ölkənin nümayəndə heyəti iştirak etmişdi. İnşası 2002-ci ildə başlanan kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 milyon bareldir.

Hazırladı: V.Orxan