Tanınmış jurnalist, publisist, yazıçı, tədqiqatçı, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlu iyulun 10-da vəfat edib.

Ənvər Çingiz oğlu Fərəcov 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir.

1990-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət Füzuli rayonunun “Araz” qəzetində ədəbi işçi kimi çalışıb. 1994–2014-cü illərdə Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktorun müavini olub, eyni zamanda “Soy” dərgisinin baş redaktoru kimi fəaliyyət göstərib.

Ənvər Çingizoğlu ömrünün 30 ilə yaxın bir dövrünü Azərbaycan xalqının folklor və etnoqrafiyasının araşdırılmasına həsr edib. Həmçinin ölkəmizin xanlıqlar dövrü, Cənubi Azərbaycan tarixi, eləcə də Qarabağ elinin məşhur simaları ilə bağlı tədqiqatlar aparıb, bir sıra soyların nəsil şəcərəsini öyrənib. Araşdırmaları onlarla kitab vasitəsilə ictimaiyyətə çatdırılıb.

Tərtib etdiyi “Məhəmməd bəy Aşiqin şeirləri” (2000), “Rzaqulu bəy Vəzirovun əsərləri” (2005), “Qarabağ 1918–1920-ci illərdə” (2010), “Bayram xan Baharlı. Əsərləri” (2013), “Məhəmməd Rəfi Ənsari. Dəstur ül-müluk” (2015), “Mirzə Rza xan Ərfə. Xatirat” (2017) və s. kitabları maraqla qarşılanıb.

Ssenarisi əsasında “Avşarlar” (1996), “Xurşidbanu Natəvan” (2012), “Zəngəzur qartalı” (2012), “Nəvvab” (2014), “Sarı simin sızıltısı” (2016), “Kəminə” (2018) və s. sənədli filmlər çəkilib.

Ənvər Çingizoğlu 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin.