Hüseyn Cavidin Ev-Muzeyi böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi ərəfəsində ədibin əsərlərindən seçmə aforizmləri yeni redaksiyada, əlavələr edərək nəşr etdirib.

Oxucuların marağı nəzərə alınaraq, cib dəftərçəsi formatında nəşr olunan kitaba mütəfəkkir şairin insanlıq, haqq-ədalət, vətən, millət, qadın, məhəbbət haqqında müdrik sözləri daxil edilib. Aforizmlər H.Cavidin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” pyeslərindən, “Azər” poemasından və məqalələrindən seçilib.

Yeni nəşrin tərtibçisi Hüseyn Cavidin Ev-Muzeyinin baş direktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı, redaktoru akademik Teymur Kərimli, nəşrə hazırlayanı tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovdur.