Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Saatlı rayon komitəsinin sədri Sakit Bağırov və RMİ-nin rayon üzrə nümayəndəsi İlkin Zeynalov Vətən müharibəsi şəhidi Elmir İbrahimovun ailəsini ziyarət ediblər.

***

Biləsuvar RMİ şəhid Camal İsmayılov adına Neftçala rayon Uşaq incəsənət məktəbinin təşkilatçılığı, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir C.İsmayılovun doğum günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Neftçala rayonundakı Şəhidlər xiyabanı ziyarət edilib. Sonra tədbir iştirakçıları Uşaq incəsənət məktəbinə gələrək şəhidin yenicə hazırlanan büstünün açılışında iştirak ediblər. Tədbir Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kolleci və incəsənət məktəbinin birgə hazırladığı konsert proqramı ilə davam etdirilib.

***

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, idarənin əməkdaşları və mədəniyyət işçiləri 44 günlük Vətən müharibəsi şəhidi Mirməhəmmədəli Rzazadənin doğum günü münasibətilə ailəsini ziyarət ediblər.

***

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı Vətən müharibəsi şəhidi Şirxan Quliyevin ailə üzvləri ilə görüşüb. Görüşdə şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının daim diqqət mərkəzində saxlanılmasından, onlara göstərilən qayğıdan söhbət açılıb.

***

Şamaxıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Zahir Manafov və Tərlan Amanalıyevin xatirə kompleksi açılıb. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP rayon təşkilatının sədri Tural Qasımlı, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Vətən müharibəsi şəhidi Büsat Əfsər oğlu Qurbanovun adının əbədiləşdirilməsi məqsədilə Füzuli rayon Aşağı Kürdmahmudlu kəndində tikilən “Şəhid bulağı”nın açılışı olub. Büsat Qurbanov 2000-ci il sentyabrın 10-da bu kənddə anadan olub. Vətən müharibəsi zamanı idarə etdiyi tankla düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib, öz şücaəti ilə seçilib. Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Sumqayıt RMİ-nin kollektivi Qurban bayramı münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə şəhid ailələri və qazilərin qonağı olub, bayram sevincini onlarla bölüşüb.

Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları Vətən müharibəsi şəhidi Nurlan Nuruzadənin ailəsini ziyarət ediblər.

Abşeron rayon Qobu qəsəbə Sənətkarlıq evinin kollektivi Vətən müharibəsi şəhidi Gülverdi Qasımovun ailəsi ilə görüşüb.

Sumqayıt RMİ-nin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Bayram Cəfərli, rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədr əvəzi İlhamə Cəbiyeva, Şuşa Dövlət Rəsm Qalereyasının direktor əvəzi Anar Cəbizadə və nümayəndəliyin tabe müəssisələrinin rəhbərləri şəhid ailələri, qazilər və imkansız ailələrin qonağı olublar.

İdarənin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə rayonda yerləşən N saylı hərbi hissədə Qurban bayramı münasibətilə tədbir təşkil olunub. Xızı rayon Mikayıl Müşfiq Muzeyinin direktoru Orxan Əzimov və rayon Uşaq musiqi məktəbinin direktoru Vəli Şıxəlizadə Vətənin igid oğullarını bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. “Xızı dağları” ansamblının çıxışı alqışlarla qarşılanıb.

RMİ-nin əhatə etdiyi Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidi İmamalı Hüseynovun ailəsini ziyarət edib.

Nurəddin Məmmədli