Bakı Uşaq və Gənclər Teatrı “Cənnətə bilet” tamaşası ilə mövsümü bağlayıb. Kollektivin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdirdiyi tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır.

Səhnə əsəri torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən qəhrəman Vətən övladlarına ithaf olunub.

Şəhid qəhrəmanın iki övladı babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Uşaq təfəkkürləri ilə “cənnətə gedib” ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar.

Tamaşada bir ailənin timsalında hər birimizin Qələbə sevinci,  müharibədə şəhid olan oğullarımız üçün keçirdiyimiz qürur dolu kədər əksini tapıb. Səhnə əsərində həyat reallıqlarından, dövlət başçısının Vətən müharibəsi günlərində televiziya ilə xalqa müraciətlərindən və Qələbə müjdəli çıxışlarından da istifadə olunub.

Tamaşanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi  İbrahim Əliyev də izləyib.

Sonda şəhid anaları, qazilər tamaşanın yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.