Rusiyalı vokalçı İtaliya teatrında orijinal Aida obrazında

 

İtaliyanın Verona şəhərində – məşhur “Arena di Verona” amfiteatrında Cüzeppe Verdinin “Aida” operasının tamaşaya qoyulması siyasi rəng qatılan qalmaqalla müşayiət olunur.

Operada baş qəhrəmanı – həbəş qul Aida obrazını oynayan rusiyalı vokalçı Anna Netrebkonun “qara makiyaj”ı layihəyə dəvət alan bir sıra sənətçilər tərəfindən narazılıqla qarşılanıb. Amerikalı soprano Encel Blyu (Angel Blue) bəyan edib ki, bu, irqçilik əlamətidir və o, etiraz olaraq tamaşada oynamaqdan imtina edir.

Son illər ABŞ-da və bir sıra Avropa ölkələrində neqroid irqi rəngində makiyaj – “blekfeys” sürəkli qalmaqal mövzusu olur. Yeri gəlmişkən, amerikalı vokalçı özü qaradərilidir. “İstənilən halda, o cümlədən bədii əsərlərlə bağlı “blekfeys”dən istifadə arxaik teatr təfəkkürüdür və ona müasir cəmiyyətdə yer olmamalıdır”, – deyə E.Blyu bildirib.

Öz növbəsində “Arena di Verona” teatrının nümayəndəsi bəyan edib ki, onlar tarixi səhnələşdirmə edirlər və burada nəyisə dəyişmək çətindir. O bildirib ki, hazırkı səhnə versiyası “Aida” operasının 1913-cü ildəki premyerası üzərində qurulub və o vaxt qara makiyaj heç bir mübahisə doğurmurdu. Bu dəfə də quruluşçular operanı orijinala – ilk tamaşaya maksimum yaxın etmək istəyirlər.

Məsələnin siyasi tərəfinə gəlincə. Bir ay əvvəl – iyunun 18-də “Arena di Verona”da Aida obrazında ukraynalı vokalçı Lyudmila Monastriska səhnəyə çıxmışdı, özü də “qaradərili” makiyajda. Qalmaqal isə rusiyalı sopranonun eyni görkəmdə şəkillərini sosial şəbəkədə paylaşması ilə meydana gəldi.

Xatırladaq ki, bu ilin fevralında Rusiya Ukraynada hərbi əməliyyata başlayandan sonra Qərbin bir sıra teatrları və konsert salonları rusiyalı sənətçilərlə əməkdaşlıqdan imtina ediblər. “Qara siyahı”ya düşənlər arasında opera ulduzu A.Netbreko da vardı. Rusiyalı soprano indiyədək Aida obrazında dünyanın bir çox opera teatrlarında səhnəyə çıxıb, o cümlədən həyat yoldaşı – azərbaycanlı vokalçı Yusif Eyvazovla tərəf-müqabil (Radames) olaraq.

V.Kamal