Sentyabrın 9-da Ukraynanın Xalq artisti, “Avroviziya – 2006”nın iştirakçısı Tina Karol Heydər Əliyev Sarayında konsert verəcək.

Estrada ulduzu Tina Karolun indiyədək 3 albomu işıq üzü görüb. Onun 2006-cı ildə buraxılan “Show me your love” (“Mənə sevgini göstər”) albomu uğur qazanıb və Ukrayna müğənnini “Avroviziya-2006” mahnı müsabiqəsinə göndərməyi qərara alıb. Yunanıstanın paytaxtı Afinada keçirilmiş müsabiqədə T.Karol “Show me your love” mahnısını ifa edərək yeddinci yerə layiq görülüb.

1985-ci ildə Rusiyanın Maqadan vilayətinin Orotukan qəsəbəsində anadan olan Tina (Tatyana) Karol (qızlıq soyadı Liberman) 1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçüb. 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirib. “Yeni dalğa – 2005” müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanıb.