Filmdə ünlü yazıçının Azərbaycana münasibətindən də bəhs edilir

 

Moskvada ADM-DJEK studiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə “Çingiz Aytmatov. Doğan günəş” adlı sənədli film çəkilib. Filmdə dünya şöhrətli qırğız yazıçısının Azərbaycana münasibətindən də bəhs edilir, Çingiz Aytmatovun ulu öndər Heydər Əliyev haqqında dediyi sözlər diqqətə çatdırılır.

Ekran işinin ssenari müəllifləri Aleksey Şipulin və Qriqori Naxapetovdur. Q.Naxapetovun rejissorluğu ilə çəkilən filmdə diktor mətnini Aleksandr Drozdov oxuyub.

Qeyd edək ki, 2008-ci il Qırğızıstanda “Çingiz Aytmatov İli” elan olunmuşdu. Həmin il Çingiz Aytmatovun yubileyi Bakıda da keçirilmişdi. Prezident İlham Əliyev o vaxt Çingiz Aytmatovu və ünlü yazıçının ölkəmizə səfərinin təşkilatçısı, “Türkdilli dövlətlərin siyasətinə dəstək Fondu”nun rəhbəri Nüsrət Məmmədovu qəbul etmişdi. Dövlət başçısı Çingiz Aytmatovu “Dostluq” ordeni ilə təltif etmişdi.

Həmin ilin mayında Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında “Türkdilli dövlətlərin siyasətinə dəstək Fondu”nun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 85 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. Tədbirdə çıxış edən Çingiz Aytmatov ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də çox böyük nüfuza malik siyasi xadim olduğunu vurğulamışdı.

Dünya şöhrətli yazıçı 2008-ci ilin 12 dekabrında dünyasını dəyişdi.

Qeyd edək ki, “Çingiz Aytmatov. Doğan günəş” filmində “Türkdilli dövlətlərin siyasətinə dəstək Fondu”nun keçirdiyi hər iki tədbirdən fraqmentlər yer alıb.