Xaçmaz rayonunun Şərifoba kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Rəvan Şahmuradovun xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib.

Rəvan Dilşad oğlu Şahmuradov 1999-cu il iyulun 14-də Şərifoba kəndində dünyaya göz açıb. Cəsur topçu Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl istiqamətindəki döyüş mövqelərinin düşməndən azad olunmasında fəal iştirak edib. Döyüşlərin birində Rəvan dəqiq top atəşi ilə düşmənin canlı qüvvə və silah-sursat daşıyan avtomobil karvanını darmadağın etməyi bacarıb. Qəhrəman döyüşçü sentyabrın 29-da Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, Füzuli, Cəbrayıl və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.

***

Tərtər rayonunun Ələsgərli kəndində Vətən müharibəsi şəhidi Ruslan Şahbazovun xatirəsinə hazırlanmış abidənin açılışı olub. Ruslan sentyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Dövlət başçısının sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

***

Ağdaş RMİ Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasında “Azərbaycan Ordusunun qəhrəman oğlu Vidadi Xəlilov – 40” adlı tədbir keçirilib. Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Vidadi Xəlilovun anım günü münasibətilə reallaşan tədbirdə qəhrəman döyüşçüyə həsr olunmuş sərgi nümayiş etdirilib.

***

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova və regional idarənin əməkdaşları II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadənin doğum günündə xatirəsini anıblar. Tədbirdə çıxış edən Vəsilə Möhsümova şəhidin ailəsinə başsağlığı verərək, Xudayarın keçdiyi döyüş yolundan, vətənpərvərliyindən, öz məlahətli ifası ilə dillərdə dastana dönməsindən danışıb.

***

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Vətən müharibəsinin şəhid mayoru Elçin Alıyevin anım mərasimi keçirilib. Mərasimdə Mədəniyyət evinin hazırladığı kompozisiya nümayiş olunub, şeirlər söylənilib.

Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsi şəhidlərinə həsr olunan “Şəhidlər doğuldu ki, yaşasın ana Vətən!” adlı tədbir keçirilib. Tədbirdə Sumqayıt RMİ-nin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov, Vətən müharibəsi qazisi Kamran Baxışzadə və digərləri çıxış ediblər. Xızı rayon Mərkəzi Kitabxanasının məktəblilərlə birgə hazırladığı vətənpərvərlik ruhunda şeirlərdən və şəhidlər haqqında məlumatlardan ibarət ədəbi-bədii kompozisiya maraqla qarşılanıb. Sonda tədbir iştirakçıları şəhidlərin şəxsi əşyaları, foto və medallarından ibarət sərgiyə baxıblar.

Nurəddin Məmmədli