Sabirabad RMİ yanında fəaliyyət göstərən şuranın növbəti iclası keçirilib. İdarə rəisi Fərid Qurbanzadə çıxışında mədəniyyət naziri Anar Kərimov tərəfindən verilən tapşırıq və tövsiyələri diqqətə çatdırıb.

Bildirib ki, informasiya məkanında, eləcə də sosial mediada aktivliyin artırılması, dərnəklərin fəaliyyətinin bərpa olunması, uşaq musiqi məktəblərində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, kadr potensialının inkişafı və əmək intizamının gücləndirilməsi, sənədləşmə işinin düzgün həyata keçirilməsi, yaradıcı gənclərin dəstəklənməsi, yeni layihələrlə regionun mədəni mühitinin canlandırılması diqqətdə saxlanılmalıdır.

***

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Uşaq şöbəsində həkim, yazıçı, ictimai xadim Tağı Şahbazi Simurqun (1892-1938) 130 illiyi ilə əlaqədar tədbir keçirilib.

***

Şəmkir RMİ Daşkəsən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində uşaqları mütaliəyə cəlb etmək, kitaba marağı artırmaq üçün “Uşaq həyatında mütaliənin rolu” adlı tədbir keçirilib.

***

Gəncə RMİ Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbirdə şairənin həyatından bəhs edən film izlənilib.

***

Ağstafa RMİ Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvləri rəssam Yusif Əliyevin rəhbərliyi ilə təbiət qoynunda etüd hazırlayıblar. Uşaqlar yay tətilini səmərəli keçirməsi üçün “Mənim yay tətilim” adlı sərgiyə hazırlıq məqsədilə təbiətin görməli yerlərindən etüd işləyiblər.

***

Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov Neftçala rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri ilə görüşüb. Görüşdə mədəniyyət sahəsində aparılan islahatlar, qarşıda duran vəzifələr, əmək intizamı qaydalarına ciddi riayət olunması, tədbirlərin keyfiyyətinin artırılması, sosial şəbəkədə aktivlik, nöqsanların aradan qaldırılması və s. məsələlər müzakirə edilib.

***

Şəki RMİ Şəki rayon Qudula kənd Folklor klubunda görkəmli şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr olunmuş “Xan qızı” mövzusunda ədəbi-bədii kompozisiya təşkil edilib.

***

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov “Vətəni tanı!” silsilə tədbirləri çərçivəsində lənkəranlı gənclərlə görüşüb. Görüş zamanı bu il şəhərdə mədəniyyət sahəsində görülmüş işlərdən və qazanılmış uğurlardan, gələcək planlardan danışılıb.

Nurəddin Məmmədli