Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

620 il əvvəl...

20 iyul 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurun qoşunları ilə Sultan İldırım Bəyazidin başçılıq etdiyi Osmanlı ordusu arasında tarixi döyüş olub. Asiyanın böyük hissəsinə hökmran olan  iki türk sərkərdəsinin üz-üzə gəldiyi döyüşdə Teymurun ordusu qalıb gəlib, Bəyazid əsir götürülüb. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra qurduğu dövlət süquta doğru getdi və Osmanlı dövləti güclənməyə başladı.

 

248 il əvvəl...

21 iyul 1774-cü ildə Rusiya ilə Osmanlı arasında 1768-ci ildən davam edən müharibə Küçük-Qaynarca sülhü ilə başa çatıb. Sazişə əsasən, Osmanlı Krım xanlığının müstəqilliyini, Azov dənizinin, Moldaviya və Valaxiyanın (indiki Rumıniya ərazisi) Rusiyanın nəzarətinə keçməsini tanımalı oldu.

 

212 il əvvəl...

20 iyul 1810-cu ildə İspaniyanın Cənubi Amerikadakı müstəmləkəsi olan Kolumbiya müstəqilliyini elan edib. O vaxt Yeni Qranada adlanan Kolumbiya müstəqilliyini təsdiqləmək üçün İspaniya hökmranlığı ilə 15 il müharibə aparmalı oldu.

 

191 il əvvəl...

21 iyul 1831-ci ildə Belçika Niderland Krallığından ayrılaraq müstəqilliyini elan edib. XVI  əsrdə İspaniyanın nəzarətinə düşən Belçika torpaqları 1714-cü ildə Avstriya tərəfindən işğal olunmuş, 1815-ci ildə isə Niderlandın nəzarətinə keçmişdi.

 

147 il əvvəl...

22 iyul 1875-ci ildə Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin redaktoru olduğu qəzetin iki il ərzində 56 sayı işıq üzü görmüşdü. Maarifçi ideyaları ilə çar üsul-idarəsi dairələrini narahat edən nəşr 1877-ci ildə bağlandı.

 

104 il əvvəl...

20 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik “Bakı Kommunası” qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər.

 

102 il əvvəl...

21 iyul 1920-ci ildə Şəmkir qəzasının Müşkürlü kəndində Azərbaycanın zorla sovetləşməsi əleyhinə üsyan baş verib. Üsyan bolşevik Rusiyasının işğalçı XI ordusunun hissələri tərəfindən yatırılıb.

 

99 il əvvəl...

24 iyul 1923-cü ildə Yaxın Şərq və keçmiş Osmanlı imperiyası üzrə Lozannada (İsveçrə) 1922-ci ildə başlanan konfrans sülh sazişinin imzalanması ilə başa çatıb. Konfrans Osmanlının məcburən imza atdığı 1920-ci il Sevr müqaviləsini tanımayan Türkiyənin tələbi ilə çağırılmışdı. Sevr müqaviləsinə görə, Türkiyənin ərazisi Avropa dövlətləri tərəfindən bölüşdürülür, o cümlədən bir neçə vilayətin Ermənistan dövlətinə verilməsi nəzərdə tutulurdu. Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyənin ərazisini indiki sərhədlər çərçivəsində təsbitlədi.

 

66 il əvvəl...

20 iyul 1956-cı ildə Fransanın Şimali Afrikadakı müstəmləkəsi olan Tunis müstəqilliyini elan edib. Üç əsrə yaxın Osmanlı imperiyasının tərkibində olmuş Tunis 1881-ci ildə Fransanın nəzarətinə keçmişdi.

 

48 il əvvəl...

20 iyul 1974-cü ildə Kiprin yunan rəhbərliyinin adanın şimalında yaşayan türklərə qarşı başlatdığı deportasiya və enozis (Kiprin Yunanıstana birləşdirilməsi) siyasətinə cavab olaraq adaya Türkiyə hərbi kontingenti yeridilib. 1571-1878-ci illərdə Osmanlının tərkibində olan Kipr həmin ilin Balkan müharibəsindən sonra Britaniyanın nəzarətinə keçmişdi. 1960-cı ildə Kipr müstəqilliyini elan etsə də, yunan və türk icması arasında münaqişə adanı faktiki iki yerə böldü. 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti elan edildi.

 

29 il əvvəl...

23 iyul 1993-cü ildə Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini, rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal ediblər. Sonrakı günlərdə erməni qüvvələri rayonun üçdə ikisini işğal etdi. Ağdam şəhəri və rayonun işğal altındakı kəndləri 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq,  2020-ci il noyabrın 20-də azad edildi.

 

21 il əvvəl...

22 iyul 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Hazırladı: V.Orxan