Azərbaycanın ən böyük gənclər düşərgəsi olan “Yay Fest” iyulun 20-də açılıb. Bu il düşərgə Şamaxı rayonunda – Şamaxı Astrofizika Rəsədxanasının ərazisində təşkil edilib.

“Yay Fest” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

 “Yay Fest” ərazisində eyni anda 300-dən çox gəncin qalması üçün “çadır şəhərciyi”, təlim və görüşlər üçün məkanlar, həvəskar idman yarışları ərazisi və “party area” yaradılıb. Bundan başqa, ərazidə gənclər üçün dincəlmək, intellektual və masaüstü yarışlar keçirmək üçün zonalar təşkil edilib.

Gənclər gün ərzində “Yay Fest”də təşkil edilən təlimlərdə bilik və bacarıqlarını artıracaq, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, rektorlar, tanınmış şəxslərlə görüşlərdə iştirak edəcək, intellektual və idman yarışlarında güclərini sınayacaq, əylənərək yeni dostlar qazanacaq və “haykinq”lər vasitəsilə Şamaxının qədim tarixi-mədəni abidələri, təkrarolunmaz təbiəti ilə tanış olacaqlar.

2019-cu ildə ilk dəfə keçirilən “Yay Fest” gənclər festivalının əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasıdır.

Sentyabrın 9-dək davam edəcək festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (tələbəlik, vətənpərvərlik, yaradıcılıq, könüllülük, dayanıqlı inkişaf məqsədləri, innovasiya və sahibkarlıq, karyera və inkişaf, həmrəylik) üzrə 8 düşərgə (hər biri 5 gün) təşkil olunacaq. Hər düşərgədə 250 iştirakçı olmaqla ümumilikdə 2000 gəncin “Yay Fest”ə qatılması nəzərdə tutulur.

İndiyədək iştirak üçün 5 mindən çox gənc müraciət edib və onların mərhələli şəkildə qiymətləndirilməsi həyata keçirilir. Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi və ya “GəncApp” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək, düşərgədə iştirak seçimlərinə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Düşərgədə iştirak üçün COVID-19 pasportunun (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatının olması da şərtdir.

Yeri gəlmişkən, pandemiya ilə bağlı ikiillik aradan sonra AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası artıq turistləri qəbul etməyə başlayıb. Rəsədxanaya daxil olan yerli və xarici qonaqlar ərazidə olan teleskoplarla, muzeylə tanış ola biləcəklər.

Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən rəsədxana ziyarətçiləri gecə və gündüz təyin edilən vaxtlarda qəbul edir. Astronomik muzeyə giriş böyüklər üçün 3, məktəblilər üçün 2 manat, məktəbəqədər uşaqlar üçün isə pulsuzdur.