İyulun 22-də Azərbaycan milli mətbuatının 147 yaşı tamam oldu. Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində Milli Mətbuat Günü – media işçilərinin peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Zərdab rayon Mərkəzi Kitabxanası əməkdaşlarının iştirakı ilə Həsən bəy Zərdabinin Xatirə Muzeyində “Zərdabi işığında” adlı tədbir keçirilib.

Rayon MKS-nin direktoru Nailə Əliyeva giriş sözündə H.Zərdabinin yaradıcılıq yolundan söhbət açaraq qeyd edib ki, böyük maarifçi 1875-ci ildə “Əkinçi” qəzetini yaratmaqla beyinlərdə milli oyanış toxumu səpdi. Muzeyin direktoru Vəfa Bayramova tədbir iştirakçılarını Zərdabinin irsini və dövrünün görkəmli simaları ilə münasibətlərini əks etdirən fotostendlə tanış edib. Mərkəzi Kitabxananın əməkdaşları Gülzar Qasımova və Leyla İsgəndərli Zərdabi yaradıcılığının təbliğində kitabxanaçıların rolu, Zərdabinin təbiətşünas alim kimi fəaliyyətindən bəhs ediblər.

***

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Milli Mətbuat Günü ilə əlaqədar “Sumqayıt” qəzeti redaksiyasına ekskursiya təşkil edib. “Sumqayıt” redaksiyasında bir gün” adlı tədbirdə şöbənin əməkdaşlarına və oxuculara qəzetin tarixi və fəaliyyəti barədə məlumat verilib.

***

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi” mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək ulu öndərin və onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata olan diqqət və qayğısından söz açıb.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Milli Mətbuat Günü və Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qəzetinin fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.

***

Ağcabədi RMİ Ağcabədi rayon Mərkəzi Kitabxanasının əməkdaşlarının iştirakı ilə mətbuatımızın bayramı münasibətilə tədbir keçirilib. Əvvəlcə şəhid media nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova milli mətbuatımızın yaranma tarixi haqqında danışıb.

Azərbaycanın qocaman mətbuat orqanlarından biri, Ağcabədidə nəşr olunan “Aran” qəzetinin ilk nömrəsinin fəaliyyətə başlamasından 90 il ötür. Bu münasibətlə keçirilən yubiley tədbirində qonaqlar Ağcabədi rayon Mədəniyyət Mərkəzinin foyesində qəzetin ötən dövrdəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yubilyar qəzetin redaktoru Məhsəti Musa, Vətən müharibəsi şəhidi Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva və digərləri çıxış ediblər.

Tədbir Ağcabədi RMİ-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Muğam Mərkəzi, Ağcabədi Uşaq musiqi məktəbi və şəhər Uşaq incəsənət məktəbinin təqdimatında konsert proqramı ilə davam edib.

***

Bərdə RMİ-də Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Tədbirdə hərbi jurnalist Şöhrət Eyvazovun Vətən müharibəsində düşməndən qənimət olaraq götürülmüş “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış olub. Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova çıxışında Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra bir qrup mətbuat nümayəndəsi regional idarənin fəxri fərmanı ilə təltif olunub. Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

***

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası, rayon Tarix-Diyarşünaslıq Muzeyi və şəhər 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Mətbuat Günü ilə əlaqədar kitab sərgisi nümayiş etdirilib.

Qazax Dövlət Rəsm Qalereyasında mətbuatımızın bayramı ilə bağlı keçirilən tədbirdə qalereyanın direktoru Münəvvər Xəlilova çıxış edərək “Əkinçi”dən başlanan mətbuat və maarifçilik yoluna nəzər salıb.

Tovuz rayon Heydər Əliyev Mərkəzi, rayon MKS və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Azad fikrin təməli – “Əkinçi” adlı dəyirmi masa keçirilib.

***

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzində media işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə çıxış edənlər milli mətbuatımızın “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttindən bəhs olunub. Bildirilib ki, “Əkinçi”nin xələfləri onun yolunu davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıblar. Həmçinin ulu öndər Heydər Əliyevin mətbuatın gücünü çox gözəl anlayan və jurnalistlərlə işin əhəmiyyətini qəbul edən dahi siyasətçi olduğu vurğulanıb.

***

Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü ilə əlaqədar sərgi təşkil edilib. Sərgidə mətbuatımızın inkişaf yolunu əks etdirən materiallar nümayiş olunub.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Ələsgər Abdullayev adına şəhər Diyarşünaslıq evində “Qələmin güclü olsun” mövzusunda mühazirə keçirilib.

***

Gəncə RMİ Samux rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi Samux rayon nümayəndəliliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat Günü” mövzusunda seminar keçirilib.

N.Məmmədli