Şəhidlər torpaqlarımızın azadlığı uğrunda ölümü gözə alıb düşmən üzərinə gedən, canını fəda edən qəhrəman Vətən övladlarıdır. Vətən isə, sadəcə, torpaq parçası deyil, həm millətin namusu, həm də qürur yeridir. Biz şəhidlərimizin qanı ilə suvarılan bir torpaqda qorxusuz, rahat yaşayırıqsa, şəhid və qazilərimizə borcluyuq.

44 günlük Vətən müharibəsində torpaqlarımızın düşməndən azad edilməsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan oğullarımızdan daha biri – 22 yaşlı Məhəmməd Məmmədov haqqında söz açacağıq.

Məhəmməd Abbas oğlu Məmmədov 1998-ci il noyabrın 13-də Ağcabədi rayonunda anadan olub. 2005-2016-cı illərdə Ş.Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə təhsil alır. 2017-ci ildə orta məktəbi bitirib hərbi xidmətə yollanır. Vətən qarşısında əsgəri borcunu Naxçıvan Muxtar Respublikasında yerinə yetirir.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi, əsir yurdlarımızın düşməndən azad olunması üçün qanlı döyüşlər başlayır. Məhəmməd sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanır. İlk gündən silahdaşları ilə qorxmadan düşmənin üzərinə gedir. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə fəal iştirak edir.

Şəhidin anası Gülmira Məmmədova oğlunun kiçik yaşlarından zəhmətə alışdığını deyir: “Məhəmməd hər zaman ailəsinin yanında olub. Yaxşı işləri və əməlləri ilə öz yaşıdlarından fərqlənməyi bacarıb. O, müharibəyə getməsi barədə evdəkilərə xəbər verməyib. Cəbhəyə könüllü getməyindən yalnız dayısının məlumatı olub. Məhəmməd müharibənin gedişində imkan tapdıqca bizimlə əlaqə saxlayırdı. Hər şeyin yaxşı olduğunu və Qələbəyə az qaldığını deyirdi. Oğlum Füzuli rayonunun azad olunmasında fəal iştirak edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonları uğrunda da döyüşüb. Qubadlının 4 kəndinin işğaldan azad olunmasında böyük şücaət göstərib. Xoşbəxtəm ki, o torpaqların azad olunmasında övladımın da rolu var”.

Atası Abbas Məmmədov oğlunun cəsur, mərd olmasından qürurla danışır: “Məhəmməd kiçik yaşlarında çılğın, nadinc olsa da, ürəyitəmiz və xoşxasiyyətli övlad idi. Onun hərbçi sənətinə böyük marağı vardı. Televiziyada yayımlanan hərblə bağlı verilişlərə böyük maraqla baxardı. 2016-cı ilin Aprel döyüşləri heç vaxt onun yaddaşından çıxmırdı. O döyüşləri hər zaman xatırlayır və mənfur düşmənə nifrət bəsləyirdi. Şəhidlik zirvəsini Məhəmmədin alnına uca Allah yazıb. İndi o öz adına nə qədər layiq olduğunu sübut etdi. Allah Məhəmmədə və bütün şəhidlərimizə rəhmət eləsin”.

Məhəmməd oktyabrın 21-də Qubadlı istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub. Noyabrın 7-də Ağcabədi rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Məhəmməd Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzuli, Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.

Ruhu şad olsun.

Nurəddin