Çəkisi 170 karatdır

 

Afrikanın cənubunda kəşfiyyat və almaz hasilatı ilə məşğul olan Avstraliyanın “Lucapa Diamond Company” dağ-mədən şirkəti Anqoladakı Lulu şaxtasında xalis çəhrayı almaz tapıldığını elan edib.

Şirkətin məlumatına görə, “Rosa-du-Lulu” adı verilmiş almazın çəkisi 170 karatdır. Bu, son 300 ildə aşkar edilmiş ən iri almazdır.

Anqolanın mineral ehtiyatlar və neft naziri Diamantinu Azevedo bəyan edib ki, rekord ölçülü bu çəhrayı almazın aşkar edilməsi Anqolanın dünya əhəmiyyətli almaz hasilatı mərkəzi olduğunu təsdiq edir. “Rosa-du-Lulu” beynəlxalq hərracda satılacaq. Hələlik qiymət qoyulmayıb.

2017-ci ildə çəkisi 59,6 karat olan “Çəhrayı ulduz” brilyantı Honkonq hərracında 71,2 milyon ABŞ dollarına satılıb. “Çəhrayı ulduz” indiyə qədər tarixdə ən bahalı brilyant kimi qalır.