Gəncə RMİ-nin təşəbbüsü ilə Gəncədə ilk musiqi məktəbinin və musiqi texnikumunun yaradılmasında mühüm rol oynamış Məşədi Cəmil Əmirovun (1875-1928) məzarı ziyarət edilib. Anım mərasimində idarənin rəisi Vasif Cənnətov, mədəniyyət işçiləri və ziyalılar iştirak ediblər.

Gəncə RMİ-nin rəisi Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” çərçivəsində uşaq musiqi, incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən Muğam müsabiqəsində III yerin qalibi, Goranboy rayon M.Nazarov adına Qızılhacılı qəsəbə Uşaq musiqi məktəbinin şagirdi Tunar Salahov, müsabiqədə fəxri fərmanlarla təltif olunmuş Gəncə şəhər Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Leyla Mehdiyeva və müəllimləri Nizami Əliyev, İlqar Qasımovla görüşüb. V.Cənnətov şagirdləri təbrik edib, yeni uğurlar arzulayıb.

Goranboy rayon Heydər Əliyev Mərkəzində “Xan qızı – Xurşidbanu Natəvan” adlı tədbir keçirilib. Görkəmli şairənin 190 illiyinə həsr olunan tədbirdə “Xurşidbanu Natəvan haqqında birlikdə öyrənək” adlı videoçarx nümayiş etdirilib.

***

Ağstafa RMİ aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi, rayon Heydər Əliyev Mərkəzi və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 30 iyul - İnsan alverinə qarşı beynəlxalq mübarizə günü münasibətilə əlaqədar “Heç kimsəyə laqeyd olmayaq!” adlı tədbir keçirilib.

Tovuz Dövlət Rəsm Qalereyasında Xurşidbanu Natəvanın 190 münasibətilə dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub.

***

İsmayıllı RMİ Qəbələ rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr edilmiş rəsm sərgi-müsabiqəsi keçirilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qəbələ Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçirilən sərgidə 30-dək yeniyetmə və gənc rəssamın 60-dək əsəri nümayiş etdirilib.

***

Kürdəmir RMİ İmişli rayon Heydər Əliyev Mərkəzində regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib. Mədəniyyət müəssisələrinin gündəlik fəaliyyətinə, qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilən yığıncaqda əhaliyə göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində prioritetlər müəyyən olunub.

***

Bərdə RMİ-nin təşəbbüsü ilə əvvəllər mədəniyyət sahəsində fəaliyyət göstərmiş, hazırda təqaüddə olan mədəniyyət işçiləri ilə görüş keçirilib. İdarənin rəisi Vəsilə Möhsümova fəaliyyətləri dövründə yerlərdə sahənin inkişafına verdikləri töhfəyə görə onlara təşəkkür edib. Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş ədəbi-bədii kompozisiya və rəngarəng musiqi nömrələri ilə davam edib. Yevlax şəhər Xalq teatrı və Kukla teatrı tamaşalar nümayiş etdiriblər. Sonda keçmiş mədəniyyət işçiləri regional idarənin fəxri fərmanı ilə təltif olunub.

***

Biləsuvar RMİ-nin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar rayon Uşaq incəsənət məktəbində uzun müddət mədəniyyət sahəsində çalışmış, hazırda təqaüddə olan mədəniyyət işçiləri ilə görüş keçirilib.

Nurəddin Məmmədli