Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ənənəvi “Yay məktəbi” bu il növbəti dəfə təşkil edilib. 2022-ci ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatıldığı XII “Beynəlxalq Multikulturalizm Yay Məktəbi” iyulun 24-dən 31-dək Bakı şəhəri ilə yanaşı, Şəki, Qəbələ və Qax rayonlarında da fəaliyyət göstərəcək.

“Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” devizi altında təşkil olunan layihədə 14 ölkənin – Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan və Suriyanın universitetlərindən 20-dən çox tələbə iştirak edir.

Qəbələ rayonuna səfər edən iştirakçılar Nic kəndində yerləşən Udi ocağını və Müqəddəs Məryəm Ana kilsəsini ziyarət ediblər. Görüş zamanı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili layihə iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sonra Qəbələ şəhərinə ekskursiya təşkil edilib. Qonaqlar “Tufandağ” istirahət kompleksində də olublar.

“Beynəlxalq Multikulturalizm Yay Məktəbi”nin iştirakçıları Şəkidə bir neçə mühazirədə iştirak edib, şəhərin tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər. Tələbələrin diqqətinə çatdırılıb ki, 2019-cu ildə “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Budəfəki “Beynəlxalq Multikulturalizm Yay Məktəbi”nə mühazirəçi kimi dəvət alanlardan biri də yeni fəaliyyətə başlayan Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanovdur.

“Mən Beynəlxalq Multikulturalizm Yay Məktəbini iki cəhətdən faydalı hesab edirəm. Birinci cəhət odur ki, burada iştirak edənlərin böyük əksəriyyəti təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnindən dərs almış tələbələrdir. Onlar universitetlərdə öyrəndiklərinin nəzəri tərəfini burada praktiki cəhətdən öz gözləri ilə görür, kitablarda oxuduqları məqamlara daha da aydınlıq gətirirlər”, – deyə o, layihə iştirakçıları ilə Şəkidə görüşdən sonra bildirib.

Nizami Gəncəvi Vəqfinin direktoru qeyd edib ki, belə tədbirlər Azərbaycanın gənc dostlarının sayının artırılmasına töhfə verən amillərdən biridir: “İnsan öz gözü ilə gördüyü şeyə daha tez inanır, nəinki eşitdiyi. Bu baxımdan multikulturalizm məktəblərinin fəaliyyətini müsbət qiymətləndirirəm”.