Lənkəran şəhərinin Şağlaküçə kəndində Vətən müharibəsi şəhidi Ayxan Qurbanzadənin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun çıxışından sonra məktəblilərin ifasında şəhidlərimizə həsr edilən şeirlər səsləndirilib, musiqilər ifa olunub.

Qeyd edək ki, Ayxan Qurbanzadə ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Ağdaş RMİ Zərdab rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı və 1 saylı Diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə “Gənclər qürur yerimizdir” adlı Vətən müharibəsi qaziləri ilə görüş təşkil edilib.

***

Sumqayıt RMİ Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Sahib Musayevin anım günü keçirilib. Tədbirdə şəhidin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

***

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində gənc yazar Sevindik Nəsiboğlunun şəhidlərimizə həsr etdiyi “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatı keçirilib. Şəki Şəhər İcra Hakimiyyəti və şəhər MKS-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, ziyalılar, təhsil və mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər. Kitabda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban verən Vətən oğullarının döyüş yolundan, qəhrəmanlıqlarından bəhs olunur.

Qax şəhər Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ölümsüzlüyə ucalanlar” devizi altında şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

***

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Aşağı Çardaxlar kəndindən olan Nail Abakarovdur. İyulun 24-də şəhidin doğum günü ilə əlaqədar rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri Nail Abakarovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Nail Abakarov 2020-ci il oktyabrın 2-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub, doğma kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Nurəddin Məmmədli