Şamaxıda fəaliyyət göstərən tələbə gənclərin “Yay Fest” düşərgəsində Vətən Müharibəsi qəhrəmanları Vüsal Yaqubov və Azər Abdullazadə, qazilər Bəhruz Məmmədzadə, Rəfail Nuriyev, Əqil Sultanov, Əhliyət Mehdiyev gənclərlə görüşüb.

Görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərdən söhbət açılıb. Qonaqlar keçdikləri döyüş yolu barədə xatirələrini söyləyib, gənclərlə maraqlı müzakirələr aparıblar.

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizirləri tərəfindən sıra hazırlığı, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib. Gənclər üçün hərbi idman oyunları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncələr təşkil olunub.

Qeyd edək ki, sentyabrın 9-dək davam edəcək “Yay Fest” çərçivəsində mərhələli şəkildə fərqli mövzular üzrə 8 düşərgə təşkil olunacaq. Ümumilikdə 2000 gəncin “Yay Fest”dən faydalanması nəzərdə tutulur. Festival Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.