İşlərin 70 faizdən çoxu yekunlaşıb

 

Qarabağ iqtisadi rayonu ərazisində icra olunan infrastruktur layihələrindən biri də Bərdə-Ağdam avtomobil yoludur.  Uzunluğu 44.5 km təşkil edən yolun tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Artıq tikinti layihəsi üzrə yol geyimi işləri 47%, süni qurğular üzrə işlər 63%, körpülər üzrə tikinti 99% yerinə yetirilib. Ümumilikdə nəzərdə tutulan işlərin 71%-i yekunlaşıb.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər uzanır. Yolun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin içərisindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.