1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər təşkil edilib.

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dili və əlifbası milli-mənəvi dəyərlərimizin ən qiymətli xəzinəsidir” adlı tədbir keçirilib. Çıxış edənlər ulu öndərin verdiyi fərman əsasında ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu dilə gətiriblər.

Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət evində keçirilən tədbirdə də dilimizin zənginliklərindən bəhs olunub.

***

Bərdə RMİ Tərtər rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Tərtər nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Doğma dilim” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər ana dilimizin tarixi keçmişindən, Azərbaycan dilinin kənar təsirlərdən qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən danışıblar.

***

Kürdəmir RMİ Füzuli rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Ana dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib. Tədbirdə “Ana dilimizi qoruyaq!” adlı videoçarx nümayiş olunub.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 4 saylı kitabxana filialı “Ana dilimiz qürur mənbəyimizdir” başlıqlı sərgi təşkil edib.

Samux rayon Heydər Əliyev Mərkəzində GİKM rayon nümayəndəliyi ilə birlikdə “Heydər Əliyev ana dilimizin keşiyində” mövzusunda gənclərin iştirakı ilə seminar keçirilib.

Goranboy rayon Uşaq Kitabxanası Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Ana dilimiz milli varlığımızdır” adlı kitab sərgisi təşkil edib.

***

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası, Uşaq şöbəsi və şəhər 1 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə “Ana dilimiz zəngin milli sərvətimizdir” adlı tədbir təşkil olunub. Tədbirdə kitabxananın əməkdaşları və oxucuları iştirak ediblər.

Tovuz rayon Mərkəzi Kitabxanası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Ana dilimiz milli sərvətimizdir” mövzusunda tədbirdə çıxış edənlər əsrlərdən, nəsillərdən bizə yadigar qalan ana dilimizin inkişaf mərhələlərindən danışıblar.

Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında “Dilimiz milli varlığımızın əsas atributu, milli sərvətimizdir” adlı məruzə keçirib. Tədbirdə tələbələr, şagirdlər, fəal oxucular, kitabxananın əməkdaşları iştirak ediblər.

***

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzi, GİKM Salyan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ana dili hər bir xalqın milli kimliyidir” adlı tədbir keçirilib. Tədbirdə gənclər Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesindən bir hissəni səhnələşdirib, “Dədə Qorqud” filmindən “İncəbellim”, eləcə də “Can Azərbaycan” mahnılarını, “Yallı” rəqsini ifa ediblər. Sonda Azərbaycan Dili və Əlifbası Günü münasibətilə hazırlanan videoçarx və sərgi nümayiş olunub.

***

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dili və Azərbaycan əlifbası” adlı tədbir təşkil edilib. Tədbirdə GİKM rayon ümayəndəliyinin əməkdaşları və könüllüləri iştirak ediblər.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Ana dilimizə Heydər Əliyev qayğısı” adlı tədbir keçirilib. Tədbirdə ulu öndər tərəfindən ana dilimizə göstərilən diqqət və qayğıdan söz açılıb, verdiyi müvafiq fərman və sərəncamların əhəmiyyəti vurğulanıb.

***

Şəki RMİ Şəki Şəhər Heydər Əliyev Mərkəzi və Şəki şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “Ana dilim şirindir” adlı tədbir keçirilib. Bildirilib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda dövlət müstəqilliyimizin bir rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə malik ana dilimizə qayğı göstərmək hər birimizin borcudur.

Nurəddin Məmmədli