XTNS-nin “Azərbaycan” pavilyonunda Rami Meirin sərgisi açılacaq

 

Avqustun 5-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. 40 ildən sonra qayıdış” adlı sərgi açılacaq.

Layihə israilli rəssam, əslən Bakıdan olan dağ yəhudisi Rami Meirin yaradıcılığına həsr edilib.

Sərginin qonaqlarına iki döymə panno, təsviri sənət nümunələri, “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində rəssamın əsərlərinin süjetləri əsasında hazırlanmış xalçalar, ağac üzərində oyma texnikasında icra edilmiş heykəllər, işıq instalyasiyaları, qədim zərgərlik nümunələri, Rami Meirin şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları və silahlar nümayiş etdiriləcək.

Tədbirdə iştirakçılara rəssamın çoxşaxəli yaradıcılığı və Azərbaycanla sıx əlaqələrindən bəhs edən film və buklet təqdim olunacaq. Filmdə bu sərginin maraqlı tarixçəsi də diqqətə çatdırılır. Bildirilir ki, sərgi XTNS-nin “Azərbaycan” pavilyonunda 40 il bundan əvvəl açılmalı idi...

Qeyd edək ki, Rami Meirin işləri Rusiyada, ABŞ-da və İsraildə şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın 2020-ci və 2021-ci illərdə Moskvada – Dövlət Şərq Muzeyində və Bakıda – Azərbaycan Milli Xalça Muzeyində sərgiləri keçirilib. Bundan əlavə, Florensiyadakı “Florence Art Deposit Gallery” qalereyasında rəssamın “Dağ yəhudiləri” silsiləsindən “Qafqaz gözəlləri” işi təqdim edilib. 2022-ci ildə Təl-Əvivdəki Azərbaycan Turizm Bürosunda “Azərxalça” ilə birlikdə “Carpets as art. Beyond borders, beyond time” (“Xalçalar incəsənət kimi. Məkanın və zamanın fövqündə”) adlı sərgi açılıb.

XTNS-nin “Azərbaycan” pavilyonunda sərgi oktyabrın 30-dək davam edəcək.