Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli bəstəkar SSRİ Xalq artisti Rauf Hacıyevin (1922-1995) anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə kitabxananın fəal oxucuları və əməkdaşları iştirak ediblər.

Kitabxananın əməkdaşı Təranə Məmmədova çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb.

Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində ərsəyə gətirdiyi vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub, dillər əzbərinə çevrilib. Ümumiyyətlə, Azərbaycan mahnı janrının inkişafında R.Hacıyevin mühüm xidmətləri var. Sənətkar eyni zamanda kinofilmlərə və teatr tamaşalarına yaddaqalan musiqilər bəstələyib. Bəstəkar respublikanın mədəni həyatında yaxından iştirak edib və səmərəli ictimai fəaliyyəti ilə tanınıb.

Sonda Rauf Hacıyevin musiqilər yazdığı filmlərdən ibarət videoçarx nümayiş etdirilib.