M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da gənc yazar Ramil Bəylərlinin “Vətən uğrunda” kitabının təqdimatı keçirilib.

Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova çıxış edərək “Açıq kitabxana”da mütaliənin təbliği məqsədilə həyata keçirilən müxtəlif layihələrdən danışıb, təqdimatı keçirilən kitabın 44 günlük Vətən müharibəsi qəhrəmanlarına həsr olunduğunu deyib. Bildirib ki, Əsərdə Altay adlı gəncin həyat yolu, cəbhədəki mübarizəsi, şücaəti və şəhidlik zirvəsinə yüksəlməsi əks olunub.

Müəllif Ramil Bəylərli çıxış edərək hərbçi ailəsində böyüdüyünü, qazilərlə görüşlərindən, söhbətlərindən, müharibə dövründəki proseslərdən təsirlənərək vətənpərvərlik ruhlu bu kitabı qələmə aldığını söyləyib. O, təqdimatın təşkilinə görə Milli Kitabxanaya təşəkkürünü bildirib.

“Açıq kitabxana”da “Könüllülər qrupu”nun üzvü İsmixan Babayev əsər haqqında danışıb, təsvir edilmiş hadisələri şərh edib.

Kitabın redaktoru Ülkər Hacıyeva, kitabxananın əməkdaşları Təranə Cəfərova və Aygün Koçak çıxışlarında əsərin əhəmiyyətini qeyd edərək müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Sonda müəllif kitabı qonaqlar üçün imzalayıb, xatirə şəkli çəkdirilib.