Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində avqustun 6-da Dənizkənarı bulvarda qazax yurtası açılıb. Avqustun 31-dək bu məkanda “Welcome to KZ” informasiya-turizm mərkəzi fəaliyyət göstərəcək.

Açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də iştirak edib.

Qazaxıstan səfiri Serjan Abdıkarimov tədbirdə çıxış edərək dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və sözügedən layihənin çoxəsrlik dostluq tellərinə və ümumi tarixə malik iki qardaş xalqın mənəvi yaxınlaşmasına xidmət etdiyini bildirib. Qeyd edib ki, yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı qazanacaqlar.

Qonaqlara Almatı şəhərinin, “Qazaxıstan” mehmanxanasının, “Şımbulak” dağ-xizək kurortunun, “Air Astana” aviaşirkətinin, “Baykonur” kosmodromunun və “Kıran” milli şahin ovu mərkəzinin turizm stendləri və asıki milli oyunu təqdim olunub.

Sonradan yurtada tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının tərtib etdiyi “Qazax nəsrinin antologiyası” kitabının təqdimatı keçirilib. Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak edib.

Topluya Abay, Şakarim Kudayberdiyev, Muxtar Auezov, Sabit Mukanov, Oljas Suleymenov və başqalarının – 50-dən çox qazaxıstanlı müəllifin Azərbaycan dilinə tərcümə edilmiş əsərləri daxil edilib.

Tədbirin sonunda qonaqlar qazax mətbəxinin ənənəvi xörəklərinin dadına baxmaq, “Şımbulak” kurortunun hotelində və Almatı şəhərinin “Qazaxıstan” mehmanxanasında yaşamaqla, Bakı-Almatı-Bakı marşrutu üzrə iki aviabiletin lotereya oynanılmasında iştirak imkanı qazanıblar.

Avqustun sonunadək davam edəcək layihə çərçivəsində Almatı və Şımkent şəhərləri, Almatı, Türkistan və Manqıstan vilayətləri öz turizm potensiallarını nümayiş etdirəcək, mədəni, konsert və əyləncə proqramları keçirəcəklər.

Tədbirlər Qazaxıstanın Azərbaycandakı Səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə həyata keçirilir.