M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İstiqlal şairi Əhməd Cavad” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, istiqlal şairinin anadan olmasının 130 illiyinə həsr edilən məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/AhmedCavad/index.html linkindən istifadə edə bilərlər.

30-cu illər repressiyasının qurbanı olan Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalıb, hüquqları çeynənən bir ölkənin haqq səsinə çevrilib. Təqiblər, məhbəsdəki işgəncələr onun iradəsini qıra bilməyib. O, bir dəfə də olsun xalqına və qələminə xəyanət etməyib.