Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı görkəmli teatr xadimi, Xalq artisti Şəmsi Bədəlbəyliyə həsr olunub.

Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib.

1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da şöhrət gətirib.

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Şəmsi Bədəlbəyli teatra rejissor təyin edilir. O, rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, fasilələrlə bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində çalışmışdı.

Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru da olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə (indiki Teatr Xadimləri İttifaqı) rəhbərlik edib. Həmçinin Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara quruluş verib.

Sənətkar milli kinoda da yaradıcı əməyini əsirgəməyib, “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Ömrünü Azərbaycan mədəniyyətinə həsr edən Şəmsi Bədəlbəyli 23 may 1987-ci ildə vəfat edib.