Şəki RMİ Şəki şəhər Mərkəzi Kitabxanasında “Milli Mədəniyyətimizin Təbliği” İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın “Rəngləri danışdıran adam” kitabının təqdimat mərasimi keçirilib. Müəllif çıxış edərək yeni işıq üzü görmüş kitabda dünya şöhrətli rəssam İbrahim Safi (İbrahim Qafar oğlu Səfiyev; 1898-1983) yaradıcılığından söz açıldığını deyib. Tədbirdə həmçinin Şəki RMİ-nin məsləhətçisi Elvin Qarayev, Şəki şəhər MKS-nin direktor əvəzi Kəmalə Yusifova, kitabxananın əməkdaşı Dilbər Yaqubova və digərləri çıxış ediblər.

***

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova regional idarənin əhatə etdiyi şəhər və rayonlardan olan vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

***

Gəncə RMİ Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində gənclərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə məktəblilər və yeniyetmələr arasında stolüstü oyunlar təşkil edilib.

***

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda tədbir keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinə üzv olan gənclərin iştirak etdiyi tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Səməd Zeynallı çıxış edərək bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın ölkəmizdə də ciddi problemlər yaratdığını bildirib, dövlət səviyyəsində onun qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb.

***

Biləsuvar RMİ Salyan Heydər Əliyev Mərkəzi və GİKM Salyan nümayəndəliyinin birgə təşkilatçılığı ilə istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib və sərgiyə baxış olub.

Hazırladı: N.Məmmədli