"Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa – Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

Layihə çərçivəsində təqdimatlardan biri pedaqoq, publisist, tərcüməçi, yazıçı, naşir Haşım bəy Vəzirova həsr olunub.

Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olub və ilk təhsilini də orada alıb. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. Bir müddət Şuşada yaradılan müsəlman-rus məktəbinin müdiri işləyib, Şuşa Realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyib.

Pedaqoji fəaliyyət Vəzirova xalqının məişətinin daha dərindən öyrənilməsinə imkan yaradıb. Xalq həyatından, məişətdən öyrəndikləri onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə də təsir göstərib. Haşım bəy müdir işlədiyi məktəbdə sərt bir nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb.

30 il urnalistika sahəsində fəaliyyət göstərən Haşım bəy Vəzirov "Tazə həyat", "İttifaq", "Səda", "Kavkazets", "Sədayi-vətən", "Sədayi-həqq", "Sədayi-Qafqaz" qəzetlərini və "Məzəli" jurnalını nəşr etdirib.

1905–1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparan vətənpərvər ziyalı 1906-cı ildə həbs edilərək Stavropol diyarına sürgün olunub. 1906-cı ilin ortalarında sürgündən azad olunur, Bakıya qayıdır və ömrünün axırınadək burada yaşayır.

Haşım bəyin rus dilindən Azərbaycan türkcəsinə bir neçə tərcüməsi də var. Bunların içərisində V. Şekspirin "Otello" pyesinin tərcüməsini göstərmək olar. Əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaya qoyulub, Otello rolunu H.Vəzirov özü oynayıb.

Haşım bəy Vəzirov 1916-cı ildə vəfat edib.