Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Qazax rayonu Daşsalahlı kəndi) ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində elmi tədqiqat işləri davam edir.

Arxeoloji tədqiqatlar 2015-ci ildə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında imzalanan memorandum çərçivəsində aparılır.

2020-2021-ci illərdə pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işləri bərpa edilib.

Hazırda ərazidə yerli və yaponiyalı arxeoloqlar birgə elmi tədqiqat işləri aparırlar. Ekspedisiyanın məqsədi Qafqazda Neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.