Avqustun 8-də Mədəniyyət Nazirliyi Apelyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Aytən Elxan qızı Rəhimli, Səbinə İlqar qızı Əhədli və Şəmsiyyə Zakir qızı Əzizlinin apelyasiya şikayətləri nəzərdən keçirilib. Sözügedən müsahibələr Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilib. 

İclas zamanı adları çəkilən namizədlərin müsahibələrlə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzinin 3 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəylər müzakirə olunub. Apelyasiya Şurası üzvlərinin səsverməsi ilə baxılan məsələlərə dair qərarlar qəbul edilib.

Aytən Elxan qızı Rəhimlinin şikayəti ilə bağlı qəbul edilən qərara əsasən, 15 iyul 2022-ci il tarixində onunla keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək namizəd iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib.

Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin şikayətləri ilə əlaqədar qəbul edilən qərarlarda isə həmin namizədlərlə müvafiq olaraq 15 və 20 iyul 2022-ci il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb.