Xəbər verdiyimiz kimi, 19 iyul – 9 sentyabr tarixlərində Şamaxı rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər festivalı – “Yay Fest” keçirilir.

Üçüncü dəfə təşkil edilən “Yay Fest” düşərgəsində hər həftə fərqli mövzuya həsr olunur.

Azərbaycanın ən böyük gənclər festivalının üçüncü – “Yaradıcılıq” həftəsinə Mədəniyyət Nazirliyi də dəstək verib.

Mədəniyyət Nazirliyi və Gənclər Fondunun nümayəndələrinin qatıldığı tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.

Mərasimdə istedadlı gənclər müxtəlif musiqi və rəqs nümunələrini təqdim ediblər. Tədbirin xüsusi qonağı müğənni Azad Şabanov düşərgə iştirakçıları üçün sevilən mahnılarını ifa edib.

Öncədən elan olunmuş müsabiqə mərhələlərini uğurla tamamlayan 200-dən çox gəncin qatıldığı “Yaradıcılıq” düşərgəsi beş gün davam edib. İştirakçılar üçün mütəxəssislər tərəfindən milli və xarici rəqslər, təsviri incəsənət nümunələri, həmçinin müxtəlif sosial mövzular üzrə təlimlər aparılıb, tanınmış sənətçilərlə görüşlər keçirilib. Həmçinin istedadlar müsabiqəsi təşkil olunub və qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, mərhələlərlə 8 düşərgə həftəsini əhatə edəcək “Yay Fest”də ümumilikdə 2 min gəncin iştirakı nəzərdə tutulub.