Bakı şəhərinin mərkəzində (Şeyx Şamil küçəsi) "Tazəbəy hamamı" kimi tanınan, XIX əsrə aid tikilinin fasadına qanunsuz müdaxilə faktı araşdırılaraq, aradan qaldırılıb. Hamam binasının fasadına bərkidilən fiqurlar sökülüb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələbləri tikilinin xüsusi mülkiyyətçisi tərəfindən nəzərə alınaraq fiqurların sökülməsi təmin edilib.

Dövlət Xidmətindən bu halın digər abidə mülkiyyətçilərinə də nümunə olacağına əminlik ifadə edilib.

Qeyd olunub ki, fiqurların fasada bərkidilməsi tarixi tikilinin ümumi vəziyyətinə təhlükə yaratmasa da, qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi.