Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində avqustun 10-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində (Əmircan qəsəbəsi) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, digər rəsmilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Günay Firudinqızı ziyalılarla görüşlərin əhəmiyyətini vurğulayıb. Sonra yazıçının həyat və yaradıcılığına nəzər salınıb. Anar yaradıcılığında qəhrəmanlarının daxili aləminin özünəməxsus şəkildə ifadəsi, ədəbiyyatımızda Anar imzasının xüsusi yeri barədə bəhs edilib.

Xalq yazıcısı görüş iştirakçılarını salamlayaraq, yaradıcılıq yolundan söz açıb. Ədib Şuşada yaşadığı sevinci oxucularla paylaşaraq qeyd edib ki, hərb meydanında qələbəmiz həm də mənəvi zəfərimizdir.

Tədbir diskussiya şəraitində davam etdirilib. Anar iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edərək, Xalq yazıçısı ilə görüşün əhəmiyyətindən söz açıblar. Bildirilib ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir.

Tədbir zamanı yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonda Anar görüşün keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Qonağımız var" layihəsinə iyulun 17-dən start verilib. Ötən müddətdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artistlər Ağalar Bayramov, Azad Şükürov, Elçin Allahverdiyev, İlkin Əhmədov və başqa mədəniyyət xadimlərinin qatıldığı layihə oktyabr ayına qədər davam edəcək.