Prezident sənətkarı “Şərəf” ordeni ilə təltif edib, Mədəniyyət Nazirliyində yubilyarla  görüş keçirilib

 

Avqustun 13-də Xalq artisti, görkəmli teatr rejissoru Azərpaşa Nemətovun 75 yaşı tamam olur.

Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncamla Azərpaşa Nemətov Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Avqustun 12-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 75 illik yubileyi münasibətilə Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azərpaşa Nemətovla görüşüb.

Elnur Əliyev mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu sənətkara təqdim edib, yubilyara uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.

Xalq artisti diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Azərpaşa Nemətov 1947-ci il avqustun 13-də Bakıda tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr rejissoru fakültəsini (SSRİ Xalq artisti Mehdi Məmmədovun kursu) bitirib.

Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan Azərpaşa Nemətov burada quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışıb. 1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb, müxtəlif ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak edib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışıb. 2015-ci ildən teatrın bədii rəhbəri-baş rejissoru, 2016-cı ildən bədii rəhbəri-direktorudur. 2004-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Azərpaşa Nemətov 1987-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2007-ci ildə “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.

Sənətkarı 75 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.