Nobel mükafatçısı, ingilis yazıçı-dramaturqu Tomas Eliot deyirdi ki, “Hər yeni əsərimin əvvəlkindən daha yaxşı olduğu qənaətindəyəm. İkinci birincidən daha yaxşıdır, üçüncü ikincidən və dördüncü hamısından. Beləcə, özümə təsəlli verirəm...”. Bir yazar da deyib ki, bir yaxşı əsər yazmaq üçün neçə-neçə yaxşı əsər oxumaq lazımdır. Və bu mütaliə necə yazmaqda yox, neçə yazmamaqda müəllifə gərəkdir.

Bəs bizim yazarlar yayın bu qorabişirən vədəsində nə oxuyurlar, nə yazırlar? Bir neçə müəllifə ünvanladığımız suallara maraqlı cavablar aldıq. Bunların arasında son vaxtlar kütləvi informasiya vasitələrində tez-tez səslənən “Qələbəmizdən bəhs edən əsərlər niyə yaranmır” sualının da cavabı var. Belə görünür ki, gələcəkdə ədəbiyyatımız yeni diqqətçəkən mövzulu əsərlərlə zənginləşəcək.

 

Xalq yazıçısı Natiq Rəsulzadə:

– Hazırda "Bakılılar" adlı silsilə hekayələrim dərc olunur. Bu hekayələrdə 60-70-ci illərdə Bakı sakinlərinin koloriti, xarakterini qələmə almışam. Bu insanların mərdlik, kişilik xüsusiyyətlərini çatdırmaq istəmişəm. Mən insanlar arasında olmağı çox sevirəm və yazdıqlarım da rastlaşdığım personajlardır. Onların jestləri, cəmiyyətdə özlərini aparmaq mədəniyyəti və s... Onların öz meyarları var. Bütün bu cəhətləri çalışıram hekayələrdə canlandırım. Məncə, alınır. Hekayələr bir-biri ilə bağlıdır və əslində, bu, hekayələrdən ibarət böyük bir roman olacaq. Əlavə olaraq isə bir film ssenarisi üzərində işləyirəm.

Mütaliəyə gəldikdə isə, yaşımın elə bir vaxtıdır ki, mən indi vaxtilə oxuduğum və öz sözünü demiş əsərlərə yenidən qayıdıram. Klassiklərdən Mirzə Cəlili, Markesi, Bulqakovu, Çexovu yenidən oxuyuram. Yeni əsərlərə niyə vaxt ayırmıram? Düzü, qorxuram. Vaxtımı sərf edərəm, ürəyimdən tikan çıxarmaz. Uzunömürlü əsərlərə qayıdıb yenidən oxuyursan, hər dəfə də təzə nəsə öyrənirsən. Əlbəttə ki, mən nəsr əsərlərini nəzərdə tuturam. Klassik poeziyamız isə çox zəngindir. Çalışıram dünya ədəbiyyatını da orijinaldan oxuyum.

 

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli:

– Bu yaxınlarda uşaqlar üçün “Banuçiçəyin rəngli yuxuları” adlı əsərimi yekunlaşdırdım. Əsər 44 günlük Vətən müharibəsində Qələbəmizə həsr olunub. Əsər cizgi filmi üçün nəzərdə tutulub. Burada Qarabağımızın keçmişi və gələcəyi öz əksini tapıb. Uşaqların çağdaş düşüncəsi ilə ayaqlaşan bir əsər olduğuna ümid edirəm. Kitab hazırda “Qələm” nəşriyyatında çapa hazırlanır, rəssamlar kitab üzərində işləyirlər.  “İki divanə” adlı pyesimi də bitirib rejissorlara təhvil vermişəm. Bəyənilib. Gələcəkdə səhnə taleyi necə olacaq, onu zaman göstərəcək.

Hazırda “Komadakı mən” romanı üzərində işləyirəm. Bu əsəri ilin sonuna kimi yekunlaşdırmağı nəzərdə tuturam. I Şah Təhmasibin qızı Pərixan Sultan haqqında da romanın hazırlıqlarını bitirmişəm. Eyni zamanda görkəmli fikir adamı Əhməd bəy Ağaoğlu haqqında da bir roman yazıram. Bütün bunlarla yanaşı, oxuduqlarım, cari yazdıqlarım da var. Yaxın gələcəkdə Yazıçılar Birliyinin qurultayı nəzərdə tutulur. Qurultayla bağlı məruzələr dinlənilib. Həmin məruzələrdən ibarət kitab çapa hazırdır. İşimiz yazmaq, oxumaq, imkan olanda da müəyyən tədbirlərdə iştirak etməkdir.

Elçin müəllim Qarabağ qazilərinin şeirlərindən ibarət toplu hazırladıqlarını dedi: “13-15 iyul tarixində Qarabağ qaziləri olan şairlər Şuşada Vaqif Poeziya Günlərində iştirak etdilər. Həmin şairlər həm də “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” layihəsinin üzvüdürlər. Yazıçılar Birliyinin sərdi, Xalq yazıçı Anarın təşəbbüsü ilə qazi şairlərin şeirlərindən ibarət kitab çapa hazırlanır”.

 

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa:

– Mən adətən yayı öz kiçik vətənimdə, doğulduğum Şınıx kəndində keçirirəm. Şınıxın yayı çox füsunkar olur. Yeri gəlmişkən, mən isti, qızmar yayı çox sevirəm. Əslində, mənim “istirahətim” şərti mahiyyət daşıyır. Yay aylarında da əsasən yaradıcılıqla məşğul oluram. Mən mütaliəyə də yaradıcılıq kimi baxıram. Müxtəlif janrlarda əsərlər oxuyuram. Məsələn, Edmund Gussetl fenomenologiya nəzəriyyəsinin banisi kimi mənim üçün maraq doğuran alimdir. Bu alman filosofu fəlsəfə ilə klassik elmlərin əlaqəsi haqda maraqlı ideya və fikirlərin müəllifidir. Onun “Məntiqi tədqiqatlar” və “Kartezian düşüncələr” əsərlərinə yenidən nəzər saldım. Bundan başqa, amerikan yazıçısı Çarlz Bukovskinin əsərlərini oxuyuram.

Düzünü deyim ki, yazı prosesim də mütaliəm kimi “qarışıqdı”. Eyni vaxtda bir neçə əsər üzərində işləyirəm. Hazırda qısa hekayələr yazıram. Bundan başqa, iki yarımçıq pyesim var. Qismət olsa, bu yay birini yazıb başa çatdıracam.

Yeni kitabımı tərtib edirəm. Həmçinin xatirələrimi üzərində işləyirəm.

Əlyazmalarımın böyük hissəsini Ədəbiyyat və İncəsənət Arxivinə təqdim etmişəm. Bu yay köhnə əlyazmalarımın bir qismini toplamışam. Yəqin ki, onları da arxivə təhvil verəcəm.

 

Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi:

– Hazırda klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Xaqani Şirvani yaradıcılığı məni çox düşündürür. Xaqani Şirvanidən bəhs edən roman üzərində işləyirəm. Xaqaninin ədəbi irsi çox zəngindir. Bu səbəbdən də həm Xaqanini oxuyuram, araşdırıram həm də yazıram. 

 

Yazıçı-jurnalist İlqar Əlfioğlu:

– Köhnə povest və hekayələrimi, esselərimin bəzisini kitab şəklində çapa hazırlayıram. Nəşriyyatda 4-5 tərcümə kitabım var. Atam, yazıçı Əlfi Qasımovun xatirə kitabını hazırlayıram. Tərcümə Mərkəzində “Dünya ədəbiyyatı” silsiləsindən kitabları redaktə edirəm, deməli, həm də ayda bir fundamental kitab oxuyuram. İş çoxdur, vaxt az, hansı qismət olsa, araya-ərsəyə gələcək, görəcəyik.

 

Yazıçı-jurnalist Natiq Məmmədli:

– Hazırda Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” adlı romanını oxuyuram. Jurnalistin yazıçı kimi debütü mənə maraqlı gəldi və kitabı bitirdikdən sonra ətraflı rəyimi də ifadə edəcəyəm. Paralel olaraq Akif Aşırlının yeni çap olunmuş “Mətbuat tarixi” kitabını da oxuyuram. Bu kitabı mətbu irsimizin sistemli araşdırması kimi qiymətləndirirəm.

Vətən müharibəsindən əvvəl düşündüyüm Qarabağ mövzusunda roman üzərində işləməyə hazırlaşıram. Eyni zamanda ötən il çap olunmuş “Sev” romanımın ikinci nəşrini hazırlayıram.

 

Yazıçı Şərif Ağayar:

– Hazırda Həsən Quliyevin “Arxetipik Azərilər: mentalitetin simaları” kitabını oxuyuram. Professor Qorxmaz Quliyev bu kitabı Azərbaycan dilinə tərcümə edib. Azərbaycan mentalitetinə bələd olmaq üçün hər birimiz bu kitaba mütləq müraciət etməliyik. Kitab milli mentallığımızın spesifik cəhətlərini xalqımıza xas olan, onun dünyaduyumunu müəyyənləşdirən aparıcı arxetiplər vasitəsilə təsvir edir. Burada həmçinin son dövrlər başımıza gələn faciələri, habelə qloballaşma ilə bağlı milli dəyərlərimizin üzləşdiyi təhlükələri dəf etmək yolları araşdırılır.

Yeni roman üzərində işləyirəm. Əsər rənglər və insanlar mövzusundadır. Bir yazıçı öz ölkəsini və insanlarını rəngli görmək istəyir. Onların fərdiliyi və azadlığının rəngləri...

Lalə Azəri