Dövlət Turizm Agentliyi tərəfindən avqustun 13-də “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil olunub.

Media nümayəndələri qoruq ərazisində həyata keçirilən təmir-bərpa, konservasiya və yenidənqurma işləri barədə məlumatlandırılıblar.

Mediatur iştirakçılarına Basqal qəsəbəsində Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Şeyx Məhəmməd məscidi ərazisində ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

Etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb.

Jurnalistlərə Basqal Turizm İnformasiya Mərkəzi barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə 12 işçi çalışacaq. Gələcəkdə Basqal İpək Mərkəzinin də açılışı nəzərdə tutulur. Hazırda layihələndirmə işləri aparılır. Mərkəzdə Basqala gələn turistlər üçün ustad dərsləri təşkil olunacaq.

İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində 50 hektar sahəni əhatə edən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaradılıb. Statistik məlumatlara görə, hazırda qəsəbədə 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır.

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.