Azərbaycan

 

11 avqust 1910 – Xalq artisti Konstantin Mixayloviç Myakişev (1910-1990) Bakıda doğulub. 1930-1960-cı illərdə (fasilələrlə) Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

11 avqust 1973 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Rza oğlu Xəlil (1914-1973) vəfat edib. “Düşüncələr”, “Sevdiyim rəng” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Ata yolu” pyeslərinin müəllifidir.

 

12 avqust 1921 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (1921 – 23.9.2014) anadan olub. “Haradasan dost, harada”, “Adamlar və talelər”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir.

12 avqust 1923 – Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər teatrlarda tamaşaya qoyulub.

12 avqust 1926 – Xalq şairi, Dövlət mükafatı laureatı Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 – 3.4. 2007) Bakıda anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s.

12 avqust 1943 – Xalq artisti Vaqif Abdulla oğlu Şərifov (1943 – 5.10.2021) anadan olub. Sumqayıt, Ağdam teatrlarında baş rejissor, Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər işləyib, filmlərə çəkilib.

 

13 avqust 1944 – Əməkdar artist Mansur Əbdül oğlu Mansurov (1944 – 22.4.2020) Bakıda doğulub. 1970-ci ildən ömrünün sonuna qədər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

13 avqust 2021 – Xalq artisti Vaqif Məzahir oğlu Əliyev (31.7.1940 – 2021) vəfat edib. Sumqayıt Dövlət Dram Teatrının, Bakı Bələdiyyə Teatrının aktyoru olub, filmlərə çəkilib.

 

14 avqust 1923 – Ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 – 20.1.2006) anadan olub. “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.

14 avqust 1933 – Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə populyar mahnılar bəstələnib.

14 avqust 1940 – Yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Akif oğlu Əliyev (1940-2001) anadan olub. “Azərbaycanfilm”də dublyaj şöbəsinin baş redaktoru işləyib.

14 avqust 1961 – Əməkdar artist Əzizə Əbdülbaği qızı Məmmədova (1892, Tiflis – 1961) vəfat edib. Akademik Dram, Türk İşçi teatrlarında çalışıb, “Görüş”, “Səhər” və s. filmlərdə çəkilib.

 

15 avqust 1902 – Əməkdar artist Qəmər Topuriya (Tamara Vissarionovna Topuriya; 1902-1947) Tiflisdə doğulub. Tiflis Azərbaycan Dram Teatrının, Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub.

15 avqust 1922 – Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Konstantin Adamov (1922-1990) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

15 avqust 1952 – Əməkdar müəllim Yusif Boran oğlu Vəliyev (1952 – 25.5.2021) Ağdam şəhərində anadan olub. Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin direktoru işləyib.

 

16 avqust 1924 – Məşhur tarzən, Əməkdar artist Əhsən Əliabbas oğlu Dadaşov (1924 –29.5.1976) Bakıda olub. 1960-cı ildə Azərbaycan Televiziyası və Radiosunun “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb. Hazırda kollektiv onun adını daşıyır.

16 avqust 1925 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 – 13.2.2009) Şəkidə anadan olub. 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub.

16 avqust 1925 – Yazıçı-dramaturq, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 – 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan KP MK-nın katibi olub.

16 avqust 1936 – Tanınmış filosof, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 1936 – 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.

 

17 avqust 1942 – Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 – 25.10.2008) Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Beynəlxalq müsabiqələrin qalibi, Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (1982) baş rola çəkilib.

17 avqust 1943 – Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 – 25.2.2016) anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub.

17 avqust 1958 – Musiqişünas, sənətşünaslıq namizədi Aytəkin Tofiq qızı Həsənova (1958-2012) Bakıda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub.

17 avqust 1998 – Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 – 1998) vəfat edib. “Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı olub.

 

Dünya

 

11 avqust 1748 – Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster; 1748-1812) anadan olub.

11 avqust 1921 – Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı ilə dünya şöhrəti qazanıb.

 

12 avqust 1866 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez; 1866-1954) anadan olub. “Qubernatorun xanımı”, “Şənbə gecəsi”, “Yaxşı məhəbbətin dərsləri” və s. pyeslərin müəllifidir.

 

13 avqust 1899 – Amerika rejissoru, “Oskar” mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

 

14 avqust 1867 – İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.

 

15 avqust 1771 – Şotland yazıçısı, şair Valter Skott (Walter Scott; 1771–1832) anadan olub. Tarixi roman janrının banisi sayılır. Əsərləri: “Edinburq həbsxanası”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (mənzum roman) və s.

15 avqust 1890 – Fransız bəstəkarı Jak İber (Jacques François Antoine İbert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” (opera), “Səyyah cəngavər” (balet) və s.

 

16 avqust 1645 – Fransız yazıçısı Jan de Labryuer (Jean de La Bruyere; 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.

 

17 avqust 1932 – Hind əsilli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001)  Vidiadxar Suracprosad Naypol (1932–2018) Trinidad və Tobaqoda anadan olub. Ömrünün böyük hissəsini İngiltərədə yaşayıb.

17 avqust 1935 – Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov (1935 – 12.3.2018) anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edib. 100-dən çox filmdə çəkilib.

Hazırladı: Vüqar Orxan