Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

116 il əvvəl...

16 avqust 1906-cı ildə Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının III qurultayı işə başlayıb. Avqustun 20-dək davam edən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri seçilib.

 

75 il əvvəl...

14 avqust 1947-ci ildə Britaniyanın müstəmləkəsi olan “Britaniya Hindistanı” ərazisində iki dövlət – Hindistan və Pakistan dövlətləri yaranıb. Pakistanın tərkibinə “Britaniya Hindistanı”nın şimal-şərq və şimal-qərb bölgələri daxil olub. Bununla belə, iki ölkə arasında ərazi mübahisəsi (Kəşmir) bu gün də qalmaqdadır. “Hindistan İttifaqı” adı altında üç il mövcud olan dövlət isə 1950-ci ildə (26 yanvar) Hindistan Respublikası elan edildi. Pakistandan fərqli olaraq, Hindistan dövlət bayramını 26 yanvarda qeyd edir. 1971-ci ildə Şərqi Pakistanda müsəlman Banqladeş dövləti yarandı və İslamabadın razılığı ilə o da müstəqilliyini elan etdi.

 

62 il əvvəl…

16 avqust 1960-cı ildə Britaniyanın protektoratı olan Kipr dövləti müstəqilliyini elan edib. Aralıq dənizindəki Kipr adası (ərazisi 9,3 min kv km) 1571-1878-ci illərdə Osmanlının tərkibində olmuş, daha sonra Britaniyanın nəzarətinə keçmişdi. Kipr konfederasiya əsasında dövlət elan edilsə də, tezliklə türk və yunan icmalarının münaqişəsi başlandı. 1964-cü ildə adaya BMT-nin ayırıcı kontingentinin yeridilməsi də nəticə vermədi. 1974-cü ildə Türkiyə Kiprin şimalındakı türk icmasını müdafiə etmək üçün oraya qoşun yeritdi. 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan edildi.

 

61 il əvvəl…

13 avqust 1961-ci ildə “Berlin divarı”nın tikintisi başlanıb. II Dünya müharibəsindən sonra Almaniyanın ikiyə bölünməsi ilə Berlin şəhəri də sektorlara ayrılmışdı. Şərqi Berlin (sovet sektoru) ADR-in paytaxtı olmuş, Qərbi Berlin isə AFR-in ərazisində qalmışdı.. 1945-1961-ci illər ərzində Şərqi Almaniyadan təxminən 2,3 milyon alman Qərbi Almaniyaya qaçmışdı. Uzunluğu 45 kilometr olan “Berlin divarı” bu prosesin qarşısını almağa imkan verdi. Berlin divarı 1989-cu ildə, Almaniyanın birləşməsindən bir il öncə söküldü.

 

30 il əvvəl...

15 avqust 1992-ci ildə Azərbaycanda milli valyuta – manat dövriyyəyə buraxılıb. Azərbaycan müstəqilliyini 1991-ci ildə elan etsə də, keçmiş sovet rublu dövriyyədə idi. Milli valyutanın dövriyyəyə buraxılması barədə fərman 1992-ci il iyulun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən imzalanmışdı. 1992-ci ildə 1, 5, 10, 250 manatlıq, 1993-cü ildə 50, 100, 500, 1000 manatlıq pul vahidləri tədavülə buraxılıb. 1994-cü ilə qədər manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib.

 

23 il əvvəl...

17 avqust 1999-cu ildə Türkiyədə dəhşətli zəlzələ baş verib. Gecə saat 3 radələrində meydana gələn və episentrdə 7 bal gücündə hiss edilən fəlakət İstanbul, Bursa, Sakarya, Bolu, İzmit, Gölcük, Yalova və s. şəhərlərdə böyük dağıntı və insan tələfatına səbəb oldu. Rəsmi statistika üzrə zəlzələ qurbanlarının sayı 17-18 min nəfər göstərilmişdi.

 

20 il əvvəl...

17 avqust 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb. Azərbaycan Beynəlxalq Bankında Fondun bank hesabları açılıb. İlk dəfə olaraq ölkə əhalisi Azərbaycan Ordusuna bilavasitə yardım göstərmək imkanı əldə edib. 2020-ci ilin 8 dekabrında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Ordusuna Yardım Fondu adlandırılıb.

 

18 il əvvəl...

13 avqust 2004-cü ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsində fəaliyyətinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyeva türkdilli ölkələrin bu ada layiq görülən ilk qadın təmsilçisidir.

Hazırladı: V.Orxan