“Sevil” sənədli filmlər festivalı keçirilir

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı, USAİD, ANİMAFİLM, Azərbaycanda Fransız İnstitutu və digər qurumların dəstəyi ilə 13-20 avqust tarixində “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) keçirilir. Üçüncü dəfə təşkil olunan festivalın adı Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.

Festival çərçivəsində nümayiş olunan filmlərdə əsasən gender məsələlərinə toxunulur. Festivalın məqsədi sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini diqqət mərkəzində saxlamaqdır.

“Sizdən bizə kim düşə?” devizi ilə keçirilən festivalın filmləri Bakı, Şəki və Lənkəran şəhərlərində nümayiş olunur.

Filmlər “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışır. Müxtəlif ölkələrdən kinematoqrafçıların filmləri orijinal dildə, azərbaycanca altyazı ilə təqdim edilir.

“Sevil” BQSFF Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa da başlayıb. Festivalın qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab” yarışmasında iştirak haqqı qazanacaq.

Avqustun 15-də Bakıdakı “Landmark” hoteldə rejissor Hanna Polakın sənədli film dünyasına səs-səda salan “Sincarın mələkləri” filmi nümayiş olunub. Film İraqın şimalında İŞİD-in hücumundan möcüzəvi şəkildə sağ qalan Hənifə və beş bacısının həyatından bəhs edir. Hanna Polak “Leninqrad uşaqları” filmi ilə Oskar və Emmi mükafatları laureatıdır. Onun filmləri “HBO America”, “HBO Europe”, “Canal+”, NHK və başqa platformalarda nümayiş olunub.

Festival proqramında film nümayişləri ilə yanaşı, ustad dərsləri, müzakirə və digər tədbirlər də yer alıb.

Lalə Azəri