ABŞ-ın Boston şəhərində yaşayan azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab ilk dəfə ölkəmizi Kaliforniya ştatında təşkil olunacaq 65-ci Monterey Caz Festivalında təmsil edəcək. Bu barədə Əməkdar artist Emil Əfrasiyab qəzetimizə məlumat verib.

Musiqiçi bildirib ki, 23-25 sentyabr tarixində təşkil olunacaq bu nüfuzlu festivalda iştirak o qədər də asan deyil: “İfam festivalın prezidenti Tim Jacksona təqdim edildikdən sonra məni dəvət ediblər. Şərtlərə görə, caz-trio şəklində çıxış edəcəyəm. Təəssüflər olsun ki, milli alətlərdən festivala apara bilmirəm. Onu da qeyd edim ki, ümumiyyətlə, yarandığı 64 ildə nəinki Azərbaycan, eləcə də Qafqaz regionundan bu festivalda iştirak edən olmayıb. Monterey Caz Festivalı bu sahədə dünyada bir nömrəli festival sayılır. ABŞ-da cazsevərlər yay tətilində bu festivala görə Montereyə gəlirlər. Festivalda iştirakım mənim üçün böyük şərəfdir. Çünki festivalda üçrəngli bayrağımızla səhnəyə çıxacağam və Azərbaycan caz sənətinin üstünlüyünü nümayiş etdirəcəyəm. Trionun tərkibinə gəldikdə isə şərtlərə əsasən, yalnız sertifikasiyası olan musiqiçilər iştirak edə bilər. Bu səbəbdən də mənim çıxış edəcəyim trio amerikalı musiqiçilərdən ibarətdir: zərb, bas gitara ifaçıları – Jogef Kabay və Bar Filipovich. Onlar artıq Azərbaycan musiqisini dinləyərək öyrəniblər. Onları Azərbaycan musiqisi barədə məlumatla təmin etməyə çalışıram. Festivalda zəngin musiqimizlə yanaşı, özümün “İki dünya”, “Əzizə”, “Bulvarda gəzinti” və “Ataya məktub” əsərlərimi də səsləndirəcəyəm”.

Emil Əfrasiyab festivalda iştirak edən ilk azərbaycanlı olmağın gətirdiyi həyəcan və məsuliyyəti bir arada yaşadığını deyir: “Çox sevinirəm ki, festivalda ilk dəfə bizim musiqimiz səslənəcək. Çalışacağam yüksək səviyyədə musiqimizi təbliğ edim. Təşkilat komitəsi ilk dəfə Azərbaycan musiqisinə diqqət edib və festivalın saytında iştirakçılar bölməsində mənim Azərbaycanda doğulub böyüməyim, təhsil almağım haqqında məlumat verilib. Konsertlərdə paylanılan bukletlərdə ölkəmizin adının qeyd edilməsi böyük fəxrdir”.

Qeyd edək ki, Monterey Caz Festivalı dünyanın ən uzunömürlü caz festivalıdır və hər il Kaliforniyanın Monterey şəhərindəki 20 hektarlıq palıd ağacları ilə örtülmüş “Monterey County” sərgi meydanında keçirilir. 1958-ci ildən bəri keçirilən festival əfsanəvi caz musiqiçiləri, bəstəkarlar və gənc caz ulduzlarını bir araya gətirir.

Lalə Azəri