Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində paytaxtın müxtəlif rayonlarında yaradıcı insanlarla görüşlər təşkil edilir. Baş idarənin təşkilatçılığı ilə avqustun 15-də Ə.Əmirov adına Mədəniyyət Sarayında (Qaradağ rayonu Lökbatan qəsəbəsi) Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, digər qonaqlar, ictimaiyyət nümayəndələri, ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirin əvvəlində Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında məlumat verilib.

Baş idarənin rəisi İbrahim Əliyev çıxışında belə görüşlərin ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artmasına, dünyagörüşlərinin əhatəli olmasına xidmət etdiyini bildirib.

Vurğulanıb ki, Sabir Rüstəmxanlı geniş oxucu rəğbəti qazanmış “Ömür kitabı” adlı əsərin, “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. şeir kitablarının, poemaların, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)” kimi romanların müəllifidir.

Görüş zamanı şair tədbir iştirakçılarının ona ünvanladıqları sualları cavablandırıb, gənclərə öz tövsiyələrini verib, onları Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Xalq şairi şeirlərindən nümunələr söyləyib və ssenari müəllifi olduğu “Cavad xan” filmi haqqında danışıb.

Görüşün sonunda “Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılov tərəfindən fondun təsis etdiyi “Vətən övladı” ordeni şairə təqdim olunub.