Sabirabad RMİ Saatlı Rayon Dövlət Rəsm Qalereyasında tanınmış şairə, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyi ilə əlaqədar “Bədii fikrin görkəmli siması – Natəvan” adlı tədbir keçirilib. Tədbirdə qalereyanın əməkdaşları incəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan Xan qızı barədə ətraflı məlumat veriblər. Sonra rəssamlıq dərnəyinin üzvləri sənətkarın şeirlərindən nümunələr səsləndiriblər.

***

Ağcabədi RMİ Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında Natəvanın yubileyi münasibətilə keçirilən tədbirdə Ağcabədi Dövlət Rəsm Qalereyası əməkdaşlarının Şuşa ədiblərinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Xan qızı – Xurşidbanu Natəvan” adlı tədbir keçirilib. Çıxış edənlər şairənin Şuşada yaşayıb-yaratdığını və öz şeirləri ilə Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərdiyini bildiriblər. Tədbirin sonunda Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

RMİ-nin əhatə etdiyi Samux rayon Heydər Əliyev Mərkəzində isə “Yurdunu canından çox sevən Xurşidbanu Natəvan” adlı tədbir təşkil edilib.