Məşhur ispan rəssamı Pablo Pikassonun oğurlanmış tablosu İraqın Diyala əyalətində tapılıb. Bu barədə rəsmi INA agentliyi məlumat yayıb. Əsərin iraqlı narkotacirlərin sığınacağı olan evdən tapıldığı bildirilir.

İraq polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı departamentinin rəisi, polkovnik Bilal Subhi bildirib ki, üç narkotik qaçaqmalçısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı təfərrüat açıqlanmır. Pablo Pikasso Fondu da məsələyə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, 2009-cu ildə İraqda, Babil vilayətində şəxsi evlərin birində Pikassonun “Çılpaq” adlı tablosu tapılmışdı. Əsərin 10 milyon dəyərində olduğu bildirilirdi. Tablo 1990-cı ildə İraqın Küveytə müdaxiləsi zamanı oğurlanaraq ölkəyə gətirilibmiş. Lakin sonradan onun aqibəti naməlum qalmışdı.

İndi ələ keçmiş tablonun həmin əsər olub-olmadığı da sual doğurur. “The National” qəzetinin yazdığına görə, narkotacirlərdən ələ keçirilən tablo 10 milyon dollar dəyərindədir...

V.Kamal