Avqustun 17-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda “Nizami” filmi nümayiş olunub. Sənətkarın baş rolu oynadığı film onun 80 illiyi münasibətilə Rusiya paytaxtında tamaşaçılara təqdim edilib.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən “Mosfilm” Kinostudiyasının da iştirakı ilə 1982-ci ildə çəkilən “Nizami” bədii filminin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri İsa Hüseynov və Eldar Quliyev, quruluşçu operatoru Arif Nərimanbəyov, bəstəkarı Qara Qarayev, rəssamı Mayis Ağabəyovdur.

Tarixi-bioqrafik kinoromanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını görkəmli müğənni Müslüm Maqomayev böyük sevgi il yaradıb. Filmin rus dilinə dublyajında Nizami rolunu SSRİ Xalq artisti Vyaçeslav Tixonov səsləndirib.