Azərbaycan

 

18 avqust 1991 – Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 – 1991) vəfat edib. “Dilşünaslıq elementləri”, “Müasir Azərbaycan dili oçerkləri” kitablarının, bir çox elmi tədqiqat əsərlərinin müəllifidir.

18 avqust 2006 – Prezident İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.

 

19 avqust 1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası”, “Almaz” filmlərində çəkilib.

19 avqust 1912 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

19 avqust 1920 – Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920-2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

19 avqust 1982 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “sovet musiqi sənətinin inkişafında görkəmli xidmətlərinə görə” SSRİ Xalq artisti Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadəyə Sosialist Əməyi Qəhrəmani adi verilib.

19 avqust 2009 – Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. 

 

20 avqust 1901 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 – 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

20 avqust 1912 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 – 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.

20 avqust 1926 – Filosof, şair, tərcüməçi, Əməkdar elm xadimi, akademik Aslan Məhəmməd oğlu Aslanov (1926 – 23.8.1995) Qazax rayonunda anadan olub. Dövlət İncəsənət Universitetinin rektoru olub, “Qızlar və bənövşələr”, “Nəğməli günlərim” və s. şeir kitablarının müəllifidir.

20 avqust 1929 – Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.

20 avqust 1932 – Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.

20 avqust 1997 – Prezident Heydər Əliyev Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Yubileylə bağlı yaradılan Təşkilat Komitəsinə Bakıda vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsini keçirmək tapşırılıb.

 

21 avqust 1927 – Əməkdar artist, skripkaçı, pedaqoq Tahir İsrafil oğlu Atakişiyev (1927 – 30.11.2012) Göyçay rayonunda anadan olub.

21 avqust 1930 – Tanınmış ədəbiyyatşünas, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 – 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib. 

21 avqust 1951 – Əməkdar artist Təvəkkül Əjdər oğlu Əliyev (1951 – 22.1.2017) anadan olub. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında fəaliyyət göstərib, filmlərdə çəkilib.

22 avqust 1922 – Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 – 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ömür-gün yoldaşı olub, Bülbülün memorial muzeyinin direktoru işləyib.

22 avqust 1937 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltəraş Eldar Heydər oğlu Zeynalov (1937– 13.1.2001) Bakıda anadan olub.

22 avqust 1978 – Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev (1917-1978) vəfat edib. II Dünya müharibəsinin iştirakçısı olub, əsirlik, sonra Sibirdə sürgün həyatı yaşayıb. Rəngkarlıq və qrafika əsərlərinin müəllifidir, teatr tamaşalarına səhnə tərtibatı verib.

 

23 avqust 1922 – Tarixçi alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 – 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.

23 avqust 1943 – Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943 – 12.8.1992) anadan olub. “Dağlarda döyüş”, “Yeddi oğul istərəm”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və s. filmlərdə çəkilib. “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərinin quruluşçu rejissorudur, filmlərin səsləndirilməsində iştirak edib.

 

Dünya

 

18 avqust 1850 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 20.5.1799 – 1850) vəfat edib. “Bəşəri komediya” silsiləsindən əsərləri (“Şaqren dəri”, “Qorio ata”, “Sezar Biroto”, “İtirilmiş illüziyalar” və s. romanlar) ilə şöhrət qazanıb.

 

19 avqust 1689 – İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson; 1689-1761) anadan olub. “Klarissa”, “Çarlz Qrandison” romanlarının müəllifidir.

19 avqust 1909 – Polyak yazıçısı, dissident Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.

19 avqust 1915 – Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867, İstanbul – 1915) vəfat edib.

 

20 avqust 1847 – Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski; 1847-1912) anadan olub. “Kukla”, “Firon” və s. romanların müəllifidir.

20 avqust 1901 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

 

21 avqust 1871 — Rus yazıçısı Leonid Andreyev (1871-1919) anadan olub. Rus ədəbiyyatında ekspressionizmin banisi sayılır. Əsərləri: “İuda İskariot və başqaları” (roman), “Savva”, “Bizim həyatın günləri” (pyes) və s.

21 avqust 1925 – Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

 

22 avqust 1862 – Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.

22 avqust 1920 – Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.

 

23 avqust 1851 – Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.

23 avqust 1880 – Rus yazıçısı Aleksandr Qrin (Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

Hazırladı: Vüqar Orxan