Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Mərkəzi Uşaq Kitabxanasında Vətən müharibəsinin sumqayıtlı şəhidləri Vüsal Allahverdiyev, Nurlan Nuruzadə və Samir Nadirovun xatirəsinə həsr edilən “Yurd uğrunda şücaətlə ölənlər” adlı tədbir keçirilib. Tədbirdə şəhidlərin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib.

RMİ-nin Qubadlı nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Vüsal Allahverdiyevin anım mərasimi keçirilib.

***

Kürdəmir RMİ Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində gənc nəslin tariximizlə bağlı bilgilərini artırmaq və vətənpərvərlik hissini gücləndirmək məqsədilə “Bir ölər, min dirilərik!” adlı tədbir keçilib. Çıxışlarda bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə respublikamızın bütün regionları kimi Beyləqan rayonunun da igid oğulları fədakarlıqlar göstəriblər. Birinci Qarabağ müharibəsində 218, 2016-cı ilin Aprel döyüşlərində 4, 2020-ci ilin Vətən müharibəsində isə 140 nəfər beyləqanlı şəhidlik zirvəsinə yüksəlib.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin Dayıkənd Mədəniyyət evində Vətən müharibəsi şəhidi Raqil İsmayılovun doğum gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, şəhid ailələri, müharibə iştirakçıları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Balakən şəhərindəki Humanitar və texniki təmayüllü liseyin həyətində Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun büstü qoyulub. Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Amin Vətən müharibəsində Füzuli və Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Tərtər rayonunun Yenikənd kəndində Vətən müharibəsi şəhidi Azər Qasımovun xatirəsinə inşa edilən bulağın açılışı olub. Mərasimdə çıxış edən rayonun icra başçısı Müstəqim Məmmədov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, o cümlədən Azər Qasımovun xatirəsi xalqımız tərəfindən uca tutulur, ehtiramla anılır.

***

Füzuli rayon Əhmədalılar kənd orta məktəbinin həyətində Vətən müharibəsi şəhidi Amil Hüseynovun xatirəsinə bulaq kompleksi inşa olunub. Şəhidin doğum günündə bulağın açılışı keçirilib. Amil Füzuli və Xocavənd uğrunda döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Oktyabrın 10-da gərgin döyüşlər zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, habelə Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

N.Məmmədli