Eklektika anlayışını sadə dildə izah etməli olsaq, o zaman “nə qaranı, nə də ağı seçmək, həm qaranı, həm də ağı seçmək” kimi qeyd etmək məqsədəuyğun olar. Bu termini bəziləri “təqlidçilik” kimi, bəziləri isə “ilham arayışı” olaraq qiymətləndirir.

Günümüzdə ətrafımıza – müxtəlif tikililərə, insanların geyiminə, saç düzümünə,  eləcə də mahnılara, şeirlərə, rəsm əsərlərinə baxdığımız zaman onun təsirini görürük. Daha çox memarlıq sahəsində istifadə edilsə də, incəsənətin bir çox sahəsində özünü göstərir. Memarlıqda bu, əsasən, birdən çox memarlıq elementini ehtiva edən bədii anlayış kimi istifadə olunur. Bəs fəlsəfi izahı necədir? Eklektizm hər bir müxtəlif qurumun, sistemin, quruluşun və ya düzənin önə sürdüyü təkliflərin formalaşması prosesində  ən yaxşısını, ən məqbulunu seçərək, tətbiq etmək deməkdir.

Eklektika yunan dilindən ( “eklektikos”) “seçmə, seçim edən” kimi tərcümə olunur. Əslində bu, fikrimcə, fəlsəfə, elm və incəsənət arasındakı maqnit qüvvəsinin əsasını təşkil edir və bir növ ümumi bir baxış, vahid bir yanaşma tərzidir. Bu zaman hər hansı bir məsələyə tək bir nöqteyi-nəzərdən deyil, bir çox fərqli prizmadan yanaşılır.  Bu gün insan bio-psixo-sosial varlıq olaraq təyin olunduğundan, insan davranışının izahında eklektik bir yanaşma da tətbiq olunmağa başlanıb.

Bu termin incəsənətdə, qeyd etdiyimiz kimi, memarlıq və dekorasiya sahəsində daha çox işlədilsə də, xüsusən postmodernizm dövründə təsviri sənətə nüfuz edərək, rəngkarlıq, heykəltəraşlıq və qrafika sahəsində də populyarlıq qazanmağa başlayıb. Keçmişdən günümüzə sənət üslubları bir-birini izləyərək, meydana gəlib, çağdaş sənətin inkişafına təkan verib. Postmodernizm artıq fərqli kimliyini əldə edərək, incəsənətə yeni anlayışlar, yeni perspektivlər gətirib. Əlbəttə ki, sənətin istənilən sahəsi ilə məşğul olanlar postmodern üslubun nə qədər mürəkkəb, eklektik və plüralistik xüsusiyyətlərə malik olduğundan xəbərdardır. Bu, sənətin konseptual baxımdan strukturunu necə dərk etməli olduğumuza işarə kimi də qəbul oluna bilər. Geniş spektrdə özünü göstərən postmodernizm həm təsadüfi, həm fəlsəfi, həm akademik, həm də sosial diskussiyaya və ya mahiyyətə malik dəyərləri özündə cəmləşdirir.

Fəlsəfə və texnologiyanın incəsənətin formalaşmasına təsiri danılmaz dərəcədə böyükdür. Bu da rəssamlar üçün azadlıq, orijinallıq, rahat bir şərait yaradır.

Bəs yaxşı, “avanqard” bu terminlərin hansına aid edilir? Axı çağdaş və modern sözləri ilə bərabər avanqard terminindən də istifadə edirik.  Avanqard müasirliyin estetik ruhunu təyin etmək üçün meydana gəlib. Avanqard rəssam hələ heç kimin kəşf etmədiyini  kəşf edir. Loru dildə desək, hələ insan ayağı dəyməyən yerlərə ilk yola çıxan kəs “avanqard” hesab oluna bilər. Modern incəsənətin missiyasını izah edərkən istifadə edəcəyimiz terminlər arasına estetik, eklektik və elitist terminlərini də əlavə etmək lazımdır. Yaradıcılığına bu üç terminin də təsiri olan sənətkarlar içərisində Maleviç, Mondrian, Leger, Kornell, Reinhart və Marsel Düşanın da isimləri vardır. Xüsusilə Marsel Düşanın yaradıcılığındakı anarxist yanaşmaların postmodernist terminlərinin meydana çıxmasında rolu böyükdür. İncəsənətdə populyarlaşan bu hərəkat adi əşyalarla sənəti eklektik cəhətdən bir-birinə birləşdirdi.

Postmodern sənətin keyfiyyətlərini başa düşmək kifayət qədər çətindir. Postmodern incəsənəti təşkil edən eklektik obyektlərin müəyyənləşdirilməsinin çətinliyi həm də bu sənət anlayışının multikultural xarakterindən irəli gəlir. Postmodern sənətdə eklektik obyektlər adi əşyalar kimi seçilir və heç bir bədii qayğı olmadan təsadüfi hazırlanır. Rəssamların əsərləri tədqiq edildikdə, ən çox istifadə edilən eklektik əşyaların daha çox Antik dövr əsərlərindən gəldiyi müşahidə edilir. Postmodern dövründə yaranan sənətin kökünə varmaq demək olar ki, mümkün deyil.  Eklektik (sintetik) sənət anlayışı ilə işləyən rəssamlar öz əsərlərində heç bir hökmranlıq etmədən başqa incəsənət və mədəniyyətlərin dəyərlərindən istifadə etmişlər. Modernist rəssamlar, əksinə, Antik dövrdən başlayaraq romantizm, neoklassizm kimi cərəyanlardan təsirlənərək bu təsirləri eklektik bir üsulla (kollaj, montaj) əsərlərində əks etdirmişlər. Əslində bu ikisinin arasındakı ən böyük fərq də ənənə ilə münasibətləridir. Modernizm ənənəvilikdən üz çevirərək onunla özü arasında ziddiyyət yaradıb. Çünki modernizm özü mahiyyətcə inqilabi və mütərəqqi qiymətləndirilməkdə idi. Postmodernizmdə isə vəziyyət tamam fərqlidir. Postmodernist rəssamlar keçmişlə yenidən körpülər quraraq dünya mədəniyyətini və yerli mədəniyyət xüsusiyyətlərini mənimsəmişlər. Postmodernizm gözəlliyin dərkinə müxtəlif məqamlardan baxır və gözəl olmaqdan əlavə, ifadə və məzmunun kontekstini ön plana çıxarmağa istiqamətlənib.

Postmodern sənətdə kompozisiyaların mürəkkəb, anlaşılmaz, müxtəlif mədəni-texniki xüsusiyyətlərin (dekonstruksiya) bir araya gətirilməsi ilə yaradılan strukturlara çevrildiyi, aydın ifadə oluna bilməyən vizual dilləri mövcuddur. Plüralist, eklektik bir anlayışın önə çıxdığı sənət əsərləri və xüsusilə təsviri sənətdə görülən təqlid, ironiya, pastiş, kollaj və montaj kimi üsullar yaradılır və bu əsərlərin yeni, orijinal olduğu israrla müdafiə edilir.  Eklektik bir anlayışa uyğun olaraq, postmodern sənətin konseptual baxımdan çaşqınlıq içində olduğu isə böyük bir həqiqətdir...

Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının  kiçik elmi işçisi