Bərdədə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin xatirəsinə həsr edilən “Dastana dönən şəhid” filminin təqdimatı olub. Tədbirdə çıxış edən Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Sonra Günel Əliqızının layihə rəhbərliyi və Şöhrət Eyvazovun ssenarisi əsasında çəkilmiş “Dastana dönən şəhid” filmi nümayiş olunub.

***

Şəki RMİ Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Balakən rayon mədəniyyət və istirahət parkında 18 avqust – Sərhəd Qoşunları Günü ilə əlaqədar “Vətən sərhəddən başlayır” adlı konsert proqramı təşkil edilib. Konsertdə vətənpərvərlik ruhlu mahnılar səsləndirilib.

***

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Sumqayıt şəhərində yerləşən Q.İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbdə I Qarabağ müharibəsində eyni gündə şəhid olmuş (1993-cü il 18 avqust) dörd polis əməkdaşı – Kamal İsayev, İlqar Bayramov, Ziyəddin Paşayev və Habil Süleymanovun xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə vətənpərvərlik mövzusunda və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib və muğamlarımızdan parçalar ifa olunub.

***

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanası Sərhəd Qoşunları Gününə həsr olunmuş “Vətən sərhəddən başlayır” adlı kitab sərgisi təşkil edib. Sərgidə hərbi-vətənpərvərlik mövzusunda kitablar nümayiş olunub.

***

Siyəzən rayonunda Vətən müharibəsi şəhidi Röyal Qurbanovun doğum günündə onun xatirəsinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib. Röyal Qurbanov 2001-ci ildə Siyəzənin Beşdam kəndində dünyaya göz açıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl və Füzuli uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. 2020-ci il oktyabrın 5-də Füzuli ərazisində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

N.Məmmədli