Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı müvafiq fərmana uyğun olaraq, ölkəmizdə 18 sentyabr – dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü musiqi bayramı – “Üzeyir musiqi günü” kimi qeyd edilir.

Hər il bu əlamətdar gün münasibətilə respublikamızda silsilə tədbirlər – konsertlər, sərgilər təşkil olunur. 2009-cu ildən etibarən isə sentyabr ayında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi olaraq 18 sentyabrda başlanan festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. 18-26 sentyabr tarixini əhatə edəcək festival üçün xüsusi konsepsiya işlənib hazırlanıb. Builki festivalın proqramı xüsusilə zəngindir və musiqisevərlərin könlünü oxşayacaq.

Festivalın əsas proqramı ilə yanaşı, “Üzeyir ənənəsinin sönməyən ulduzları” adı altında bu il yubileyləri olan musiqi xadimlərinə həsr olunan proqram və “Üzeyir sənətinin gənclik sədaları” adı altında gənclik proqramı da tərtib edilib.

Bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şuşa İli”, habelə Fikrət Əmirovun 100 illiyi dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda ölkəmizin digər şəhər və bölgələrində – Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılıb.

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalına müxtəlif ölkələrdən solistlər, dirijorlar, kollektivlər dəvət olunub. Festivalda ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya və Gürcüstandan musiqiçilərinin iştirakı gözlənilir.